Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan beynəlxalq tədbirdə bir sıra təkliflər verib
Qırğızıstanın Bişkek şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) strateji regional layihələri çərçivəsində "Avropa və MDB-də xidmətin keyfiyyəti və logistika şəbəkəsinin təkmilləşdirilməsi" mövzusunda 2-ci beynəlxalq seminarı və eləcə də Regional Rabitə Birliyinin (RRB) Poçt Komissiyasının və Poçt operatorları Şurasının birgə iclası keçirilib.
Sözügedən beynəlxalq seminarda Azərbaycan nümayəndə heyəti ilə yanaşı RRB-nin üzvü olan ölkələrin Poçt administrasiyalarının əməkdaşları (Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan olmaqla), həmçinin ÜPİ-nin layihə rəhbəri Yuriy Spiriyev, ÜPİ-nin ekspertləri Akileş Matur, Karmen Bernardino və Yan Boynanski və digər rəsmi şəxslər iştirak edib.
Seminarda müzakirə edilən mövzu ətrafında üzv ölkələrin məlumatları dinlənilərək müzakirə edilib. Azərbaycan Poçt Administrasiyası tərəfindən də müzakirə olunan məsələ üzrə son illərdə ölkəmizdə həyata keçirilən tədbirlər barədə müvafiq çıxışlar olub və iştirakçıları maraqlandıran suallara cavablar verilib. Bütövlükdə isə poçt xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində "Azərpoçt" MMC-də həyata keçirilən işlər, xüsusilə EMS xidmətindəki uğurlarımız tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
RRB-nin Poçt Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclasında isə ÜPİ-nin 25-ci konqresinin qərarlarının həyata keçirilməsi sahəsində sözügedən birliyin üzvü olan Poçt administrasiyalarının fəaliyyətləri və ittifaqın gələcək strategiyasına həsr edilən "Dəyirmi masa"ya hazırlığın vəziyyəti müzakirə edilib.
Eyni zamanda RRB-nin üzvü olan ölkələrin 13-14 aprel 2015-ci il tarixlərində Cenevrədə (İsveçrə) keçiriləcək ÜPİ-nin Strateji Konfransına hazırlıq, RRB-nin Poçt sahəsi üzrə İşçi qruplarının gördükləri işlər barədə hesabatların dindirilməsi, Böyük Vətən Müharibəsində qələbənin 70-ci illiyinə hazırlığın son vəziyyəti barədə üzv ölkələrin Poçt administrasiyalarının hesabatları, poçt mütəxəsislərinin hazırlanması üçün regional tədris mərkəzinin açılması, birliyin 25-ci ilinin qeyd edilməsi ilə bağlı olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların hər biri üzrə Azərbaycanın mövqeyi bildirilib və müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, seminarın və birgə iclasın nəticəsi olaraq Azərbaycan nümayəndə heyəti tərəfindən bir sıra təkliflər irəli sürülüb.
Adıçəkilən təkliflərdə qeyd olunur ki, beynəlxalq poçt göndərişlərinə gömrük baxışının daha da sadələşdirilməsi və digər məsələlərlə bağlı Poçt-Gömrük Kontakt işçi qrupunun birgə iclasının keçirilməsinə böyük ehtiyac var. Digər təklifdə isə bildirilir ki, beynəlxalq poçt göndərişlərinin əvvəlcədən elektron deklarasiyasının aparılması üzrə təcrübə öyrənilsin və cari ilin sonuna kimi ən azı bir ölkə üzrə onun pilot olaraq tətbiqi təşkil edilsin.
Seymur Qasımbəyli
06/04/15 Çap et