Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilata üzv seçilib


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən "First" beynəlxalq təşkilatına tam hüquqlu üzv seçilib.
 
Mərkəzdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, dünya ölkələrinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin(CERT) əməkdaşlığını asanlaşdırmaq məqsədilə yaradılan "First" beynəlxalq təşkilatı kompüter təhlükəsizlik insidentlərinin həlli yönündə fəaliyyət göstərir.
 
Bu üzvlük Azərbaycanda elektron təhlükəsizlik sahəsində dövlət tərəfindən aparılan uğurlu siyasətin beynəlxalq arenada da davam etdirilməsnə  imkan yaradacaq.  Belə ki, təşkilata üzvlük kibertəhlükəsizlik sahəsindəki problemlərə qlobal həll tapılmasını asanlaşdırır və sürətləndirir.
 
"First" hər il müxtəlif ölkələrdə kompüter insidentlərinin işlənməsi mövzusunda konfranslar və tədbirlər keçirir.  Burada üzv və qeyri-üzv qurumların iştirakı təmin olunur ki, bu da beynəlxalq arenada yeni əməkdaşlıqlar üçün zəmin yaradır.
 
Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin fəaliyyətinə təsir göstərən məsələlərin müzakirəsi ilə əlaqədar "First"ə üzv qurumların hər il müntəzəm olaraq forumu təşkil olunur ki, burada yalnız üzvlərə iştirak hüququ verilir.
 
Bundan əlavə, bu beynəlxalq quruma üzvlük informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq imkanı yaradır.
 
CAHANGİR




06/04/15    Çap et