Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”na start verilib
Heydər Əliyev Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı, Qafqaz Universitetinin (QU) təşkilati dəstəyi ilə QU-da 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın açılış mərasimi keçirilib.
Tədbirdə təşkilat komitəsinin üzvləri , iştirakçı universitetlərin nümayəndələri və komanda üzvləri iştirak edib.
Məlumat verilib ki, olimpiadada iştirak etmək üçün ali təhsil müəssisələrindən 63 komanda qeydiyyatdan keçib və onlardan 56-sının qeydiyyatı təsdiqlənib.
Müsabiqənin şərtlərinə görə olimpiadada hər bir təhsil müəssisəsindən maksimum 5 komanda qeydiyyatdan keçə bilər və hər bir təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanacaq. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə olimpiadanın təşkilini yüksək dəyərləndirib:
“Çox yaxşi haldır ki, ölkəmizdə belə olimpiada keçirilir. Siz gənclər bilməlisiniz ki, ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı sayəsində bu sahədə də sürətli inkişaf gedir. Sizlər də gələcəkdə görülən bu işlərin iştirakçısı olacaqsınız. Ona görə də olimpiada təşkil edərək sizin komanda şəklində işləmənizə şərait yaradırıq. Çünki komanda şəklində işləmədən, biliklərinizi bölüşmədən inkişaf etmək olmaz”.
Daha sonra Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç çıxış edib: “2007 -ci ildən davam edən olimpiadaya ev sahibliyi etmək bizi sevindirir. Ölkəmizdə ən sürətlə inkişaf edən sahələr arasında informasiya texnologiyalarının xüsusi yeri var. Sizin olimpiadada qazancınız həm bilik mübadiləniz, həm də burada qazandığınız dostlar olacaq”.
Açılış tədbirindən sonra olimpiadanın I mərhələsinə start verilib. I mərhələdə 14 ali təhsil müəssisəsindən 50 komanda (hər komandada 3 tələbə) iştirak edib. Müsabiqədə komandalara 10 alqoritmik məsələnin 5 saat ərzində kompüterdə proqramlaşdırılması tapşırığı verilib. Məsələlərin həlli PC2-9.2.4 onlayn avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib. Müsabiqənin ikinci (final) mərhələsi AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Həqiqət İSABALAYEVA
06/04/15 Çap et