Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazirin birinci müavini: " İlk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb"


"Azerfon" şirkəti yeni "Nar Garden" brend konsepsiyasına uyğun SİM kartlarını və ödəniş kartlarını satışa çıxarıb və dükanlarının dizaynını yeniləyir.
 

Yeni "Nar" loqosunun və "Nar Garden" brend konsepsiyasının media nümayəndələri üçün təqdimatında rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib ki, "Azerfon" şirkəti Azərbaycan mobil rabitə bazarına sonuncu daxil olan operator olduğu üçün onun bu bazarda fəaliyyəti daha çətin olub.
 

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən  ilk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb. Bu kontekstdə digər operatorlar kimi, "Azerfon" şirkətinə də güzəştlər təqdim edilib. Digər iki mobil operator da ilkin mərhələdə yeni operatorun bazarda yer tutmasına kömək ediblər. Artıq bu gün "Azerfon" şirkətinin LTE texnologiyası üzərindən daha keyfiyyətli xidmət göstərməsi mümkündür. Hazırda  Azərbaycanda stasionar, mobil, peyk rabitəsi sahəsində dayanıqlı şəbəkələr qurulub və bir telefon üzərindən  bütün xidmətlərdən istifadə imkanı yaradılıb",- deyə nazir müavini qeyd edib.
 

Öz növbəsində şirkətin rəhbəri Kent Maknili bildirib ki, ötən il şirkətin şəbəkəsində 25 faizlik artım qeydə alınıb.
 

"Bizim əsas fəaliyyətimiz və inkişafımız dörd istiqamət üzrə həyata keçirilir. Bu şəbəkənin təkmilləşdirilməsi, abunəçilərimizin marağına uyğun şəkildə tarif siyasətinin aparılması, innovasiyaların tətbiqi və təşviqi, müştəri xidmətlərinin daim yaxşılaşdırılmasıdır. Hesab edirəm ki,  biz bu sahələrdə yetərincə uğur qazanmışıq",- deyə şirkətin rəhbəri qeyd edib.


Aynur Vəliyeva
 




08/04/15    Çap et