Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Deputat: “İKT Azərbaycanın ixrac potensialını artıracaq”


“Azərbaycanın ixrac potensialını artıracaq, ölkəyə əlavə gəlir gətirəcək bir sıra sahələr var. Onlardan da biri informasiya-kommunikasiya texnologiyaları sektorudur”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov söyləyib. Deputat bildirib ki, ölkəmizdə İKT infrastrukturunun genişləndirilməsi, hökumətin sözügedən sahəyə diqqət və qayğı göstərməsi, eləcə də sektor üzrə həyata keçirilən işlər və əldə edilən uğurlar ona olan ümidləri artırıb:
 
“Azərbaycan üçün ən önəmli məsələlərdən hesab olunan qeyri-neft sektorunun inkişafıdır. Çünki ölkəmizdə neft hasilatı aşağı düşməyə başlayıb. O cümlədən, neftin qiymətində də ciddi enmələr var. Buna görə də indi qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir. Qeyri-neft sektorunun əsas qollarından biri də informasiya-kommunikasiya texnologiyalarıdır. Ölkədə yeni-yeni ideyalar yaranır. Onların həyata keçirilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Təsəvvür edin, normal, gəlir gətirə bilən ideya müəlliflərinə dövlət həm maliyyə, həm yer, həm də lazım olan informasiya dəstəyi verir. Düşünürəm ki, bu, olduqca müsbət haldır və gənclərimiz də ondan yararlanmaq üçün bütün səylərini toplamalıdırlar”.
 
 
Azərbaycanda artıq İKT sahəsində gəlir gətirən milli şirkətlərin formalaşdığını vurğulayan iqtisadçı İT məhsullarının istehsalı və xaricə satılması hesabına ölkənin böyük qazanc əldə edəcəyi günün çox uzaqda olmadığını deyib. Onun sözlərinə görə, hazırda da bəzi məhsullar ixrac olunur. Deputat hesab edir ki, ixrac potensialı artdıqca, sözügedən sahənin daha da genişlənməsi və inkişafı baş verəcək və yeni-yeni məhsullar yaranacaq.  
 
 
SEYMUR




08/04/15    Çap et