Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil rabitə operatorları arasında arabağlantı tarifləri ilə bağlı qərar bu ay qəbul ediləcək


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu ay ərzində yerli mobil rabitə operatorları arasında arabağlantı tarifləri ilə bağlı qərar qəbul edəcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bu sahədə tənzimləmə işlərinin ölkədə qəbul edilmiş qaydalara uyğun şəkildə həyata keçirildiyini qeyd edib.

“Ötən həftə “Azerfon” və “Azercell” şirkətlərinin müraciətləri daxil olub. Nazirlikdə bununla bağlı görüşlər keçirilib və artıq arabağlantı münasibətlərinin ortaq nöqtəyə gətirilməsi üçün təkliflər hazırlanıb. Yaxın zamanda, hətta mən düşünürəm bu ay ərzində, bu məsələ ilə bağlı qərar qəbul ediləcək”, - deyə nazir müavini bildirib.

Arabağlantı tariflərinin tənzimlənməsi ilə bağlı "Azərfon" şirkətinin baş direktoru Kent Maknili bildirib ki, abunəçilər tərəfindən rəqib operatorların şəbəkəsi ilə hər gün dəqiqələrlə danışıqlar həyata keçirilir. 
"Biz, əlbəttə, bir problem olmasını istəmərik. Burada keyfiyyətdən çox şey asılıdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu məsələdə bizə dəstək olur. Əminəm ki, yaxın vaxtlarda məsələ həllini tapacaq", - deyə o qeyd edib.
 
Xatırladaq ki, “Azerfon” şirkəti yerli mobil rabitə bazarında yeni işə başladıqda bazarda bərabər şərtlərlə rəqabət aparması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorları arasında asimmetrik arabağlantı tarifləri tətbiq etmişdi.
 
Aynur Vəliyeva
 




08/04/15    Çap et