Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT sahəsində Azərbaycan-Macarıstan İşçi Qrupunun iclası keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında saziş”ə uyğun olaraq, ikitərəfli İşçi Qrupunun iclası keçirilib.
 
İclasda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəflər arasında dostluq və etimada əsaslanan münasibətlərin davamlı inkişafında İKT və rabitə sektorunun da öz yeri olduğunu qeyd edib.
 
 Ölkəmizdə bu sahədə həyata keçirilən işlərdən danışan nazir müavini regionda ilk dəfə Azərbaycanda Tier III səviyyəsində Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) qurulması işlərinə başlanıldığını bildirib. Qonaqlar MESM-in fəaliyyət istiqaməti, parametrləri, eləcə də xidmət göstərəcəyi sahələr haqda da məlumatlandırılıblar.
 
Macar nümayəndə heyətinə rəhbərlik edən Macarıstanın milli inkişaf nazirinin müavini Karoy Balaj Şoymar da ölkələrimiz arasında sıx və etibarlı əməkdaşlıq əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə edib. Azərbaycanın sürətli inkişafa malik olduğunu da vurğulayan qonaq ölkəmizlə İKT sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdıraraq, xüsusən Məlumatların Emalı və Saxlanılması Mərkəzinin qurulmasına töhfə vermək istəklərini dilə gətirib. 
 
İclasda İşçi Qrup çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da ətraflı fikir mübadiləsi aparılıb.




08/04/15    Çap et