Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkənin enerji sisteminin idarə edilməsində “ağıllı idarəetmə” avadanlıqlarının tətbiqinə diqqət artır
Alternativ və bərpa olunan enerji mənbələri sahəsinin inkişafı və bu sahədə elmi-texniki yeniliklərin, innovasiyaların, müasir texnologiyaların respublikamızda tətbiqi diqqət mərkəzindədir.
Belə ki, ölkənin enerji sisteminin idarə edilməsində “ağıllı idarəetmə” avadanlıqlarının tətbiqi, hidrogenlə işləyən generatorların və qaynaqetmə avadanlıqlarının istehsal olunması üzrə müəyyən işlər görülüb, günəş enerjisi texnologiyaları tətbiq edilən kənd təsərrüfatı avadanlıqlarının və traktorlarının istehsal olunması ilə əlaqədar müvafiq dövlət qurumları ilə əməkdaşlıq edilib. O cümlədən, beynəlxalq mütəxəssislərin təqdimatı əsasında Xəzər dənizi akvatoriyasında külək parklarının salınması ilə əlaqədar bir sıra işlər həyata keçirilib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən (ABOEMDA) qeyd edilib ki, ABOEMDA-nın Elmi-Texniki Şurasının (ETŞ) fəaliyyəti nəticəsində əldə olunan bilgilərlə bölüşmək üçün daim treninqlər, seminarlar, konfranslar təşkil edilir.
Növbəti belə tədbir 16-17 aprel 2015-ci il tarixlərində Bakıda ABOEMDA-nın dəstəyi ilə “CISOLAR-2015 Cənubi Qafqaz regionunda, Şərqi Avropa və Mərkəzi Asiyada Günəş Enerjisi Sənayesinin İnkişafı” 4-cü Beynəlxalq Konfransı və Sərgisi keçiriləcək.
Həqiqət İSABALAYEVA
10/04/15 Çap et