Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rayon icra hakimiyyətlərinin elektronlaşma prosesinə qoşulması çox müsbət haldır”


“Azərbaycanda rayon icra hakimiyyətlərinin elektronlaşma prosesinə qoşulması çox müsbət haldır. Yerlərdə icra orqanlarının xidmətləri elektron qaydada göstərməsi əhali tərəfindən də müsbət qarşılanır. Bu, ölkədə aparılan “Elektron hökumət” quruculuğunu daha da sürətləndirəcək”.
 
 “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz səsləndirib.
 
 O bildirib ki, yerli icra orqanlarında çoxlu sayda xidmətlər mövcuddur  və onların da hamısının elektronlaşdırılmasına ehtiyac var.
 
İKT eksperti təklif edib ki, regionlarda elektron hökumət proqramı, eləcə də onun prinsipləri qəbul olunmalıdır. Bunun ümumi işə fayda verəcəyini deyən İKT ekspertinin qənaətincə, hazırda rayon icra hakimiyyətlərində elektronlaşma işi proqramsız şəkildə həyata keçirilir:
 
“Düşünürəm ki, proqram və prinsiplər qəbul olunmasa, gələcəkdə onların inteqrasiya edilməsində problemlər yaşana bilər. Çünki hər rayon icra hakimiyyəti ayrı-ayrı onlayn sistem qura bilər. Belə olduqda sonradan onların birləşdirilməsində, “bir pəncərə” sisteminə inteqrasiya edilməsində problemlərin yaşanması mümkündür”.
 
 
O.Gündüz qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan sistem bütün yerli icra hakimiyyətləri üçün məqbuldur. Onun sözlərinə görə, MHM-in ərsəyə gətirdiyi proqram təminatını da müsbət xarakterizə etmək olar.
 
“Ona görə də düşünürəm ki, icra hakimiyyəti orqanları əlavə vəsait xərcləyib hansısa yeni proqram təminatı hazırlamaqdansa, MHM-in hazır məhsulundan yararlana bilərlər. Bunun müsbət tərəfləri var. Çünki belə olduqda hər icra hakimiyyətinin proqramı eyni olacaq, onlardan yararlanmaqda əhali çətinlik çəkməyəcək. Üstəlik, onların hamısını bir yerə yığmaqda, “Elektron hökumət” portalına inteqrasiya etməkdə problem yaşanmayacaq. Yeri gəlmişkən, qeyd edim ki, bununla bağlı dövlət işlər aparır”.
 
 
Seymur Qasımbəyli




13/04/15    Çap et