Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ATƏT və Azərbaycan kibertəhlükəsizliyi müzakirə ediblər
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycan Xarici İşlər Nazirliyi məlumat əsrində milli təhlükəsizliyin təmin olunmasına dair ikigünlük konfrans təşkil edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, konfrans Azərbaycanın 30-dan çox dövlət və özəl təşkilatlarının 90-a yaxın nümayəndəsi, eləcə də kibertəhlükəsizlik üzrə ixtisaslaşmış beynəlxalq ekspertləri bir araya gətirib.
Konfransın məqsədi, kibertəhlükəsizliklə bağlı qanunvericiliyə, fəaliyyət strategiyasına, beynəlxalq əməkdaşlığa və kiberməkanda təhlükəsizliyin təminatı üçün ümumi potensialın inkişaf etdirilməsinə xüsusi diqqət ayırmaqla, kibertəhlükəsizlik sahəsində mövcud yeniliklər barədə dövlət qurumlarını, eləcə də özəl və qeyri-kommersiya təşkilatlarını maarifləndirməkdən ibarətdir.
Konfrans zamanı, tanınmış ekspertlər və təcrübəli mütəxəssislər kibertəhlükəsizlik üzrə ən uğurlu beynəlxalq təcrübələri azərbaycanlı həmkarları ilə bölüşüb. Panel müzakirələri prokurorlar, hakimlər və hüquq-mühafizə orqanları əməkdaşları üçün texniki və əməli biliklərini artırmaq imkanı yaradıb.
Tədbir, həmçinin Azərbaycanda kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi məqsədilə məmurların özəl sektorla tərəfdaşlığının inkişaf etdirilməsinə zəmin yaradıb.
Bu tədbir, Azərbaycanda kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin həyata keçirdiyi layihənin bir hissəsidir. Layihə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçirilir.
Aynur Vəliyeva
14/04/15 Çap et