Dünyanın ilk üzən şəhəri tikiləcək
San-Fransiskoda yerləşən Dəniz Aləmi İnstitutu dünyanın ilk üzən şəhərinin tikintisi və onun beynəlxalq səviyyədə hüquqi təsdiqi ilə bağlı hazırlıq işləri aparır. Kaliforniyanın “KPCC” radio şirkətinin məlumatına görə, dənizdə bəşəriyyətin yeni yaşayış yeri artıq 2020-ci ilədək reallaşa bilər.
İnstitut mütəxəssisləri üzən şəhər ideyası üzərində bir neçə ildir çalışırlar. Onlar eyni zamanda internet vasitəsilə layihəyə maraq göstərən insanlar arasında vəsait toplayırlar.
Alimlər tərəfindən yaradılan şəhər konsepsiyası bir neçə fikrə əsaslanır. Belə ki, şəhər ərazisi 50 kvadratmetr təşkil edən kvadrat modullardan ibarət olacaq. Modulun hər birinin inşasına 15 milyon dolların xərclənməsi nəzərdə tutulur.
On bir belə modul-platformadan ibarət blokda bina tikiləcək. Mənzillərin, eləcə də xidməti və ictimai obyektlər yerləşəcəyi binada bir kvadratmetrin qiyməti 5425 dollar təşkil edəcək.
Blokda sakinlərin sayı 225-300 nəfərə bərabər olacaq. Bununla yanaşı, 50 nəfərlik hotelin tikintisi planlaşdırılır.
Qeyd olunur ki, bir blokun qiyməti 170 milyon dollara bərabərdir.
“Siyasi və sosial baxımdan avtonom yaşayış yeri olacaq üzən şəhər iqtisadiyyata və vergilərə malik olacaq”, - institut əməkdaşları qeyd ediblər. Hazırda mütəxəssislər üzən şəhərin hüquqi statusunu müəyyənləşdirən müvafiq beynəlxalq sazişin hazırlanması ilə məşğuldurlar.
Bildirilir ki, ilk üzən şəhərin müvafiq sazişi imzalayacaq dövlətin yaxınlığında yerləşəcəyi istisna edilmir. Hazırda Sakit okeanın bir sıra ada dövlətləri ilə şəhərin yaradılması ilə bağlı ilkin məsləhətləşmələr aparılır, -
“TASS” yazır.