Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maye kristal televizor bazarının artımı zəifləyəcək


“IHS” analitikləri qlobal maye kristal televizor bazarında növbəti ləngimə proqnozlaşdırır. Mütəxəssislərin qiymətləndirməsinə görə, ötən il maye kristal televizorların tədarükü 7 faizdən çox yüksələrək 225 milyona çatıb. 2015-ci ildə yalnız 4 faiz səviyyəsində artım gözlənilir ki, ekspertlər bunu Şimali Amerika, Avropa və başqa inkişaf etmiş bazarlarda tələbatın azalması ilə izah edirlər.
 
"Ötən il bir çox regionlarda, xüsusilə Şimali Amerikada maye kristal televizorların tədarükü gözlənilmədən çox yüksəlib. Bir neçə illik mənfi dinamikadan sonra qeydə alınmış irəliləmə istehlakçıların daha böyük ekranlı modelləri satın almaq cəhdi ilə bağlıdır" – “IHS” analitik şirkətinin televizorlar sahəsində tədqiqatlar üzrə direktoru Pol Qanon şərh edib.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklər “Ultra HD (4K)” formatını dəstəkləyən televizorları dünya televizor bazarının ən perspektivli kateqoriyalarından biri hesab edir. “IHS” şirkətinin məlumatına görə, 2014-cü ildə dünyada ümumilikdə 11,7 milyon belə qurğu tədarük edilib. Gözləntilərə görə, 2015-ci ildə istehsalçılar ultrayüksək təsvir ölçüsünü dəstəkləyən 30 milyondan çox “4K LCD TV” və “OLED” televizor tədarük edəcəklər.
 
Emil Hüseynov




15/04/15    Çap et