Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yüksək Texnologiyalar Parkında NATO-nun Kibertəhlükəsizlik üzrə ekspertinin təqdimatı keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Yüksək Texnologiyalar Parkında "Femmes Digitales" İKT qadınlar klubunun (AWIC) birgə təşkilatçılığı ilə NATO-nun Kibertəhlükəsizlik Mərkəzinin baş tədqiqatçısı və Estoniyanın İnformasiya Sistemləri İdarəsinin keçmiş baş direktoru Yaan Priisalu məruzə işə çıxış edib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Kiberəməkdaşlığın təşkili" mövzusunda məruzəsində Priisalu kibertəhlükəsizliyin təmin edilməsində hökumətin böyük rol oynadığını bildirib.
"Estoniya təcrübəsinə nəzər salsaq görərik ki, ölkədə elektron xidmətlərə dövlət və özəl qurumlar tərəfindən balanslaşmış tələbat var. Elektron həllərdən getdikcə daha çox geniş istifadə edilir. Bu cür xidmətlərin 99% bank sahəsi ilə bağlıdır. Belə ki, bu ölkədə mobil parketmə sisteminə 1 milyon 148 min milli ID kart qeydiyyatdan keçib. Bundan başqa, Estoniyada artıq elektron səsvermə sistemi qurulub və elektron şəxsiyyət vəsiqəsi vasitəsi ilə vətəndaşlar seçkilərdə iştirak edə bilirlər. Eyni zamanda, elektron tibb kartlarından və nəqliyyatda ID biletlərdən istifadə edilir .", deyə ekspert Estoniya təcrübəsini bölüşüb.
Y. Priisalunun sözlərinə əsasən, kibertəhlükəsizliyin təmin edilməsi məsələsi bir xətlə həll olunmalıdır.
"Ölkələr hüquqi, siyasi və texniki istiqamətlər üzrə kibertəhlükəsizliyin təmin edilməsinə nail olmağa çalışır. Bunun üçün milli konsepsiyalar, strategiyalar hazırlanır, konfranslar və təlim kursları təşkil olunur", - deyə ekspert qeyd edib.
Məruzənin sonunda Y. Priisalu bildirib ki, kibertəhlükəsizliyin təmin edilməsi üçün ölkədə müvafiq nazirliklər, kibertəhlükəsizliyi təmin edən qurumlar, internet media, bir sözlə, aidiyyəti olan dövlət və özəl qurumlar birgə şəkildə fəaliyyət göstərməlidir.
Kibercinayətkarlıqla mübarizə və kibertəhlükəsizlik sahəsində 20 ildən artıq təcrübəsi olan Priisalu bu sahədə dünya üzrə nüfuzlu ekspertlərdən hesab olunur.
O, həmçinin Estoniyada kibermühitin təhlükəsizliyini qoruyan və öz ətrafında könüllü İT mütəxəssisləri birləşdirən Estoniya Müdafiə Liqasının Kiber Birləşməsinin Tallin İdarəsinin həmtəsisçisi və rəhbəri vəzifəsini də daşıyır.
Aynur Vəliyeva
15/04/15 Çap et