Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ildə qlobal “3D” çap bazarının həcmi 56 faiz yüksələcək
“Canalys” analitik şirkətinin yeni tədqiqatına əsasən, 2015-ci ildə qlobal “3D” printer bazarının həcmi 56 faiz yüksələrək 5,2 milyard ABŞ dolları təşkil edəcək.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər hesab edirlər ki, gələcəkdə üçölçülü çap bazarı sürətlə inkişaf edəcək. Gözləntilərə görə, orta illik artım sürəti (CAGR) 44 faiz olmaqla 2019-cu ilədək “3D” printer bazarının həcmi 20,2 milyard dollara çatacaq.
"Gözlənildiyi kimi, son bir neçə ildə “3D” printer bazarının həcmi xeyli yüksəlib" – “Canalys” şirkətinin analitiki Co Kempton tədqiqatı şərh edir. Mütəxəssis bildirib ki, üçölçülü çap qurğularının sürəti təkmilləşib, istifadə edilən materialların çeşidi genişlənib və yeni texnologiyalar yaranıb.
Bundan başqa, bu bazara yiyələnmək istəyən şirkətlərin sayı xeyli çoxalıb. Yeni şirkətlərin əksəriyyəti Asiyanın payına düşür.
Yaxın beş ildə aerokosmik, avtomobil və tibbi sahələr “3D” printerlərin tətbiqi üzrə ən gəlirli sahələr olacaqlar. Analitiklər hesab edirlər ki, “3D” çapın tətbiqinə “General Electric”, “Boeing” və “BMW” dünya nəhəngləri milyonlarla dollar sərmayə qoyacaqlar.
Emil Hüseynov
15/04/15 Çap et