Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni başlayan təqaüd proqramını uğurla başa vuran iştirakçıların sinif otaqları İKT avadanlığı ilə təchiz olunacaq


Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramı çərçivəsində məşğələlərə start verilib.
 
Proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunacaq.
 
Nazirlikdən bildirilib ki, yeni forma və məzmunda hazırlanmış ixtisasartırma kursunun əsas məqsədi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bir qrup ibtidai sinif müəlliminin peşəkarlıq səviyyəsini yüksəltməkdir. Təqaüd proqramında iştiraka maraq göstərən şəxslər sırasından 105 nəfər seçilib, nəzəri və praktik məşğələlərin aparılmasına 20-yə yaxın mütəxəssis cəlb olunub.
 
Beş mərkəzdə ki ay yarım davam edəcək təlimdə müəllimlər ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji və psixoloji yanaşmalar, metodika və didaktika, sinfin idarəedilməsi, şəxsi inkişaf, vaxtın idarəedilməsi, planlaşdırma, rəqəmsal savadlılıq və digər bu kimi mövzularda mühazirə, praktik məşğələ və ustad dərslərində iştirak edəcək, qabaqcıl məktəblərin təlim mühiti ilə tanış olacaqlar.
 
 
Həqiqət İSABALAYEVA




16/04/15    Çap et