Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Kvant informasiyası” beynəlxalq konfransının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 2016-cı ildə ölkəmizdə təşkil olunması gözlənilir
AMEA Fizika İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə “Kvant hesablamaları” mövzusunda seminar keçirilib.
Seminarda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov 2013-cü ilin dekabrında Koreya Respublikasının Koreya Qabaqcıl Tədqiqatlar İnstitutunda “Kvant informasiyası” mövzusunda keçirilən beynəlxalq konfransdan söz açıb. Qeyd edilib ki, silsilə konfransın 2016-cı ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ölkəmizdə təşkil olunması gözlənilir.
Fizika üzrə fəlsəfə doktoru Elçin Cəfərov seminarda iştirak edən, Koreya Qabaqcıl Tədqiqatlar İnstitutunun professoru Jayevan Kim barədə məlumat verib.
Bildirilib ki, kvant kompüterləri sahəsində tanınmış alim J.Kim bu sahədə bir sıra tədqiqatlar aparıb və çoxlu sayda məqalələrin müəllifidir. İnstitutdan qeyd edilib ki, koreyalı alim artıq üçüncü dəfədir ki, ölkəmizə gəlir. O, ötən ilin oktyabrında təşkil olunan IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından olub. Forumda alim “Koreyada nüvə enerjisinin tədqiq sahələri” və “Kvant kompüterleri” mövzularında məruzələrlə çıxış edib.
Seminarda professor J.Kimin mövzu ilə bağlı məruzəsi dinlənilib.
Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Həqiqət İSABALAYEVA
16/04/15 Çap et