Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kevin Myers: “Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyat sisteminin qurulması işləri ƏMBA tərəfindən rəğbətlə qarşılanır
"Azərbaycanda "Elektron hökumət" quruculuğunun həyata keçirilməsi və əmək münasibətlərinin elektron qeydiyyat sisteminin qurulması işləri ƏMBA tərəfindən rəğbətlə qarşılanır".
Bu fikirləri Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının prezidenti Kevin Myers söyləyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Kevin Myerslə keçirilən görüşdə qonaq bildirib ki, bütün dünyada elektronlaşma əmək məsələlərinin tənzimlənməsində yeni səhifə açıb və görülən gündəlik işləri xeyli asanlaşdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın dinamik inkişafı barədə K.Myersə ətraflı məlumat verərək, nazirlikdə aparılan elektronlaşma işləri barəsində danışıb. Nazir, milli əmək qanunvericiliyinin və bu qanunvericiliyə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərdən bəhs edib. Respublikada əmək bazarına, işçi hüquqlarının təminatına elektron sistem əsasında çevik və səmərəli nəzarət mexanizminin qurulmasından söz açan nazir bu sistemin əmək müfəttişliyinin potensialının artırılması üçün beynəlxalq səviyyədə də uğurlu təcrübə kimi dəyərləndirildiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin ölkədə sosial, o cümlədən əmək hüquqları sisteminin inkişafına şərait yaratdığını vurğulayıb.
S.Müslümov həyata keçirilən işlərin məqsədəuyğun təşkilində beynəlxalq təşkilatlarla, xüsusən BƏT-lə fəal əməkdaşlığını qeyd edib:
"Biz işçi hüquqlarının təminatı, sağlam və təhlükəsiz əmək şəraitinin təmini, əmək müfəttişliyinin inkişafı ilə bağlı beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulmuşuq. Dünyanın 100-dən artıq ölkəsini özündə birləşdirən Əmək Müfəttişliklərinin Beynəlxalq Assosiasiyasının (ƏMBA) üzvü olan Azərbaycan bununla əlaqədar bütün öhdəlikləri uğurla yerinə yetirir. Həmçinin ölkəmiz ƏMBA-nın 12 ölkəni əhatə edən "Cənubi-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişliklərinin Regional Alyansı"nın (RALİ) üzvü kimi, Alyans ölkələri arasında əmək müfəttişliyi, əməyin mühafizəsi və s. sahələrdə təcrübə mübadilələrinin aparılmasında yaxından iştirak edir. Alyansın üçüncü konfransı və beynəlxalq təlim-seminarı da məhz Bakıda keçirilib. Bu tədbirlərdə 30-dan çox ölkənin nümayəndəsi, çoxsaylı beynəlxalq ekspertlər iştirak edib, əmək müfəttişlikləri arasında səmərəli təcrübə mübadilələri aparılıb".
Nazir bildirib ki, Alyansın növbəti konfransının Ukraynada keçirilməsi nəzərdə tutulsa da, həmin ölkədə məlum hadisələr səbəbindən bu məsələ hələ ki, sual altındadır: "Biz RALİ çərçivəsində əməkdaşlıq əlaqələrinin yenidən güclənməsinə tərəfdarıq. Bununla bağlı olaraq Alyansın nəzərdə tutulan tədbirinin bizim ölkədə təşkili ilə bağlı təşəbbüsümüz ƏMBA-nın 2014-cü ilin may ayında Cenevrədə keçirilən iclasında müzakirə edilərək dəstəklənib. Artıq bununla bağlı Assosiasiyanın vitse-prezidenti koordinator təyin edilib və onunla müzakirələr aparılır".
SEYMUR
16/04/15 Çap et