Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sumqayıtın rabitə şəbəkəsi modernləşdirilir
Sumqayıtda Cənubi Qafqazda ilk dəfə olaraq hər evə qədər optikləşmə - "GİPON" layihəsi reallaşır. Artıq bu pilot layihə şəhərin 14-cü məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində tam tətbiq olunub.
Bu haqda AZƏRTAC-a Sumqayıt Telekommunikasiya Qovşağının ( STQ ) rəisi Akif Əsgərov bildirib. Sözügedən layihəni Yaponiyanın "Fujikura" və Türkiyənin "Alkatel" şirkətləri reallaşdırırlar.
Layihənin tətbiqindən və səmərəli nəticələrindən danışan A.Əsgərov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İB-nin dəstəyi ilə rabitə şəbəkəsinin daha da modernləşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçiriləcəyini deyib.
Bildirilib ki, hazırda bütün qabaqcıl ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə GPON texnologiyası əsasında qurulur.
A. Əskərov qeyd edib ki, layihənin həyata keçirilməsi nəticəsində hər bir mənzilə çəkilən optik kabellə telefon rabitəsi ilə yanaşı, genişzolaqlı internet xidmətləri, IP TV və bütün multimedia xidmətlərinin göstərilməsi mümkündür.
Müştərilərin sürətli internet şəbəkəsinə, IPTV, VoD, video və interaktiv oyunlara, IP telefon və s. kimi multimedia xidmətlərinə yüksək sürətlə qoşulmalarına zəmanət verilir. Qeyd edək ki, stansiyalararası birləşdirici xətlərin optik kabellərlə əvəzlənməsi bütün strukturların ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə şərait yaradıb. Bundan başqa Sumqayıt TKQ-nin inzibati binası ən müasir tələblər səviyyəsində tamamilə yenidən qurulub. Hazırda Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən 62 mindən çox abunəçiyə rabitə xidməti göstərilir. Yaxın vaxtlarda şəhərin Şirvan, Dəmir Yolu, Tuğ Zavod, Yaşıl dərə Novxanı bağları, Stansiya Sumqayıt qəsəbələrində ONU avadanlıqları qurulacaq. Bütün stansiyalar üzrə ADSL portlarının 20 min artırılması planlaşdırılır.
17/04/15 Çap et