Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Turizm informasiya mərkəzlərinin elektron təbliğatı günü-gündən güclənir


Turizm informasiya mərkəzlərinin (TİM) elektron təbliğatı gücləndirilir. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, TİM-lər tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi nazirliyin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir:
 
“Ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə bu gün ölkə üzrə 9 Turizm İnformasiya Mərkəzi tam gücü ilə fəaliyyət göstərir ki, bunlar Naxçıvan Muxtar Respublikası və paytaxt Bakı ilə yanaşı, Xaçmaz, Quba, Şamaxı, Zaqatala rayonlarında, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşir. Mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsi ilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmasıdır.
 
Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər. Bu məqsədlə nazirliyin dəstəyi ilə Turizm İnformasiya Mərkəzlərinin saytları yenidən hazırlanır və müxtəlif dillərdə turistlərin xidmətinə verilir”. Daha öncə üç mərkəzin “www.guba.travel” , “www.sheki.travel”  və “www.zagatala.trave” l portalını istifadəyə verən nazirlik siyahını bir qədər də genişləndirib. Belə ki, daha dörd mərkəzin saytı http://“www.baku.azerbaijan.travel”, “www.ganja.travel”, “www.lankaran.travel”  və “www.shamakhi.travel”  istifadəyə verilib.
 
Portallarda, yerli turistlərin məlumatlandırılmaları üçün hər bir informasiya yer alıb:
 
 “Yaxın vaxtlarda portalların ingilis və rus dili versiyası da tam istifadədə olacaq. Həmçinin, mərkəzlərin işində effektliyin artırılması məqsədilə “Facebook” sosial şəbəkəsində bütün turizm informasiya mərkəzlərinin səhifəsi yaradılmış və istifadəçilərin xidmətinə verilib”.
 
 
Həqiqət İSABALAYEVA




17/04/15    Çap et