Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Ağıllı" ev sistemi nə qədər məbləğə qənaət etməyə kömək edir?


"Ağıllı" ev gələcəyin ən mütərəqqi texnoloji həlli hesab edilir. Belə ki, yaxın gələcəkdə "ağıllı" sensorlar sayəsində elektrik cihazları yalnız lazım olduqda işləyəcək.

Sözügedən sahə uzun illər inkişaf etdirilsə də, yalnız ötən ildən etibarən tərəqqi hiss olunub. Buna misal olaraq, “Google” şirkətinin “Nest Labs”ı 3 milyard dollara satın almasını göstərmək olar.
 
Qısa haşiyə çıxaraq qeyd edək ki, “Nest Labs” termostat və yanğın siqnalizasiya sistemi daxil olmaqla "ağıllı" ev üçün müxtəlif qurğular hazırlayır.
 
"ICTnews" elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, “ağıllı” ev texnologiyası indi biznes sahəsində iki ən populyar tendensiyanı özündə  birləşdirir: “əşyaların interneti” və "yaşıl" texnologiyalar.
 
 
"Ağıllı" evin qurğuları nə dərəcədə faydalıdır?
 
Bu yaxınlarda Britaniya hökuməti tərəfindən hazırlanmış hesabatda qeyd edilir ki, "ağıllı" ev inqilabı insanların həyatını tamamilə dəyişdirə bilər.
 
Rəsmi London bu il ölkənin bütün ev təsərrüfatlarında “ağıllı” sayğacların quraşdırılması üzrə milli kampaniyaya başlamaq niyyətindədir. Belə ki, “ağıllı” sayğaclar evin enerji sərfiyyatını hesablayaraq bu informasiyanı simsiz şəbəkə vasitəsilə kommunal müəssisələrə ötürməli olacaq.
 
Nəticədə şirkətlər əməkdaşların xərclərini azaldacaq ki, bu da dolayısı ilə əhalinin ödənişlərini minimuma endirəcək. Müştərilər isə real vaxt rejimində enerji sərfiyyatının monitorinqi hesabına qənaət üzrə faydalı məlumat əldə edə biləcəklər.
 
Qeyd edək ki, britaniyalı istehlakçılar orta səviyyəli “ağıllı” sayğac üçün təxminən 300 dollar ödəməli olacaqlar. Amma belə texnologiyanın tətbiqi hesabına əldə olunacaq qənaətə zəmanət verilmir.
 
Yeri gəlmişkən qeyd edək ki, əsl "ağıllı" evin yaradılması çox baha başa gəlir. Lazımi qurğuların əksəriyyəti min dollar təşkil edir, yəni tam yeniləmə yüz minlərlə dollara başa gələcək.
 
Bununla belə, belə avadanlığın quraşdırılması ilə məşğul olan şirkətlər 10 faizlik qənaətə söz verirlər. Amma bu məbləğ gözlənildiyi qədər də çox deyil. Amerikada isə (bu texnologiyalar indi geniş yayılıb) ildə təxminən 100 dollar qənaət etmək mümkün olacaq.
 
Ümumi mənzərə göstərir ki, ən yaxşı halda 100 dollar qənaət etmək üçün çətin ki kimsə “ağıllı” ev texnologiyalarının yenilənməsinə 5 min dollar xərcləsin.
 
Emil Hüseynov




17/04/15    Çap et