Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet oyunları yad mədəniyyətləri təbliğ edir
İnternetdə mövcud olan informasiya bolluğu zərərli və zərərsiz informasiyanı analiz etməkdə çətinliklər törədir.
Uşaqların internetə çox vaxt sərf etməsi onlarda internet asılılığı və digər psixoloji problemlərin yaranmasına səbəb olur. Uşaqların internet vasitəsilə “qazandığı” davranışlar ətrafdakılarla ünsiyyət qurmasına təsir edir. Eyni zamanda internet oyunları yad mədəniyyətləri təbliğ edir, gənc nəsli milli adət-ənənələrdən uzaqlaşdırır.
Bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) elmi seminarında İTİ-nin sektor müdiri Sabirə Allahverdiyeva bildirib. İnstitutdan qeyd edilib ki, sektor müdiri “Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması” adlı məruzə ilə çıxış edib, uşaqların internetdə qarşılaşdığı təhlükələr, ölkələrin milli təhlükəsiz internet mərkəzləri, “Təhlükəsiz İnternet Proqramı”, uşaqların informasiya təhlükəsizliyinin yaşa uyğun xüsusiyyətləri, “Əşyaların interneti”, uşaqlar üçün nəzərdə tutulan sosial şəbəkələr haqqında ətraflı məlumat verib. Məruzəçi, həmçinin uşaqların kiberməkanda təhlükəsizliyinin analizinə dair elmi tədqiqatlar, bu istiqamətdə keçirilən konfranslar və Azərbaycanda uşaqların internet təhlükəsizliyi ilə bağlı görülən işləri diqqətə çatdırıb:
“Yeniyetmələrin çoxu veb-gündəliklərə və ya bloqlara, sosial şəbəkələrə özləri haqqında dolğun informasiya yerləşdirir ki, bu da təhlükəsizliklə bağlı bir sıra problemlərə yol açır. İnternetdən istifadə edərkən uşaqlar şəxsi təhlükələrlə yanaşı, kompüterlərinin təhlükəsizliyinə yönəlmiş müxtəlif təhdidlərlə qarşılaşırlar. Veb-səhifələrə daxil olarkən avtomatik yüklənən proqramlar, ödənişsiz proqram təminatlarının yüklənməsi zamanı avtomatik qurulan reklam proqramları, casus proqramlar və kompüter virusları bu kimi təhlükələrdəndir”.
Sektor müdiri Avropada əhalinin təlimləndirmə işini həyata keçirmək məqsədilə yaradılmış “İnsafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsinin gəncləri internetdən və mobil qurğulardan təhlükəsiz istifadəyə təşviq etdiyini söyləyib. Dünyada mövcud olan Təhlükəsiz İnternet Mərkəzlərinin insanların internetdən istifadəsi zamanı yaranacaq potensial risklərlə bağlı məlumatlandırma, maarifləndirmə və s. kimi funksiyaları yerinə yetirdiyini diqqətə çatdırıb.
Azərbaycanda uşaqların internet təhlükəsizliyi ilə bağlı görülən işlərdən söz açan S.Allahverdiyeva Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində filtrasiya sisteminin tətbiq edildiyini, cəmiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir və treninqlərin keçirildiyini, Təhsil Nazirliyində “İnternetdən istifadə məsələləri üzrə Şura”nın fəaliyyət göstərdiyini bildirib.
Həqiqət İSABALAYEVA
18/04/15 Çap et