Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ildə Norveçdə “FM” radionun yayımı dayandırılacaq


Hamıya bəllidir ki, rəqəmli yayım texnologiyaları gec-tez analoq texnologiyalarını tamamilə əvəzləyəcək. Həm də bu, yalnız televiziyaya aid deyil. Məsələn, 2017-ci ildə Norveçdə “FM” radionun yayımı dayandırılacaq.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, bu Skandinaviya ölkəsində artıq kifayət qədər böyük populyarlıq əldə etmiş “DAB” (“Digitall Audio Broadcasting”) rəqəmli radio standartından istifadə ediləcək.
 
Hazırda Norveçdə “DAB” standartında 22 milli radio kanal yayımlanır. “FM” dalğasında bu göstərici 5-ə bərabərdir.
 
“TNS Gallup”un tədqiqat məlumatına görə, Norveçdə radio dinləyicilərinin təxminən 56 faizi gündəlik rəqəmli radio dinləyirlər. Bu amil sayəsində Norveç dünyada ilk ölkə kimi “FM” yayımın dayandırılacağı tarixi elan edib.
 
Eyni zamanda, bir çox başqa ölkələr, həmçinin yeni rəqəmli yayım formatına keçid prosesi ərəfəsindədir.
 
“FM” radio yayımının əsasını təşkil edən texnologiya 1933-cü ildə patentlənib. ABŞ-da əhalinin təxminən 90 faizi hər həftə “FM” və ya “AM” radionu dinləyir. Eyni zamanda rəqəmli radio sürətlə populyarlaşır.
 
Emil Hüseynov




20/04/15    Çap et