Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib
İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar yeni proqram təminatları və qurğulara həsr edilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, seminarda ABŞ-ın Miçiqan Universitetinin Hesablama texnikası kafedrasının hazırladığı “Michigan Micro Mote” adlı qurğu haqqında məlumat verilib. Bu kompüter fotoşəkil çəkə, temperaturu və təzyiqi ölçə, bu məlumatları öz yaddaşına yaza bilir. İstehsalçılar mikro-kompüterin tibb sahəsində tətbiq oluna biləcəyini söyləyiblər.
“Proctortrack” adlı yeni proqram təminatını diqqətə çatdıran institutun şöbə müdiri Ş.Mehdiyev tələbələrin ABŞ-ın bəzi universitetlərində distant təhsil prosesində tətbiq olunan bu kimi proqramlara qarşı çıxdığını bildirib. Belə ki, proqram tələbənin fəallığını, göz hərəkətlərini və üzündəki dəyişiklikləri diqqətlə izləyir, müəllim və təlimatçıları şübhəli fəallıq haqqında məlumatlandırır. “Proctortrack” tələbənin mühazirəni dinləyərkən və testləri təhvil verərkən “dürüst”lük səviyyəsini qiymətləndirir.
Sonra çıxış edən institutun şöbə müdiri Anar Səmidov internet əlçatmaz olduqda dünyanın istənilən yerində informasiyanı peykdən birbaşa əldə edə bilən cihaz - “Outernet Lantern” haqqında məlumat verdi. Bildirdi ki, cihaz radio prinsipi üzərində işləyir və yalnız “Outernet”in yayımladığı informasiyanı qəbul edərək ötürür.
Aynur Vəliyeva
20/04/15 Çap et