Mingəçevirdə Yüksək Texnologiyalar Parkı yaradılacaq
“Yüksək Texnologiyalar Parkı”nın yaradılması üzrə işlər davam etdirilib. Park üçün ayrılmış ərazidə tikinti işlərinin aparılması məqsədilə sənədləşmə işləri görülüb, inşaat pasportu, dövlət reyestrindən çıxarış və digər zəruri sənədlər alınıb.
Hazırda Parkın tikintisi məqsədilə ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlıq işləri, habelə Parkın infrastrukturunun qurulması məqsədilə baş planının hazırlanması işləri memar şirkəti ilə birlikdə görülür. İlkin təsərrüfat binasının layihəsi hazırlanıb təsdiq edilib və layihə əsasında yaxın müddətdə tikinti işlərinin başlanması nəzərdə tutulur.
Rüb ərzində Yüksək Texnologiyalar Parkında yaradılmış “PİCampus” Biznes İnkubasiya Mərkəzindən istifadə qaydaları təkmilləşdirilib, Mərkəzə layihələrin qəbulu üçün yeni “Google” platformalı onlayn ərizə-anket forması hazırlanıb və
www.picampus.az ünvanında yerləşdirilib.
Hazırda İnkubasiya Mərkəzində 38 layihə fəaliyyətini davam etdirir. Həmçinin “YT Park” MMC Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunmuş və təşkilatın müşahidəçi üzvü seçilib.
Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli 481 saylı Fərmanı ilə RYTN-in tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması qərara alınıb.
Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması və onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.