Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ALPLogo-2015” proqramlaşdırma müsabiqəsi aprelin 25-də keçiriləcək


“ALPLogo-2015” proqramlaşdırma müsabiqəsində iştirak etmək üçün şagirdlərin qeydiyyatı başa çatıb.

Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata görə, qeydiyyatdan Bakı, Abşeron və Xırdalandan 79; İsmayıllıdan 59; Balakəndən 6; Gəncədən 29;  Göygöldən  6; Lənkəran, Lerikdən 9; Mingəçevirdən 6; Qax, Şəkidən 13; Sumqayıtdan 6; Şamaxıdan 13; Şabrandan 2; Ağcabədidən 4; Şirvandan 4 nəfər olmaqla 234 şagird keçib.
 
Müsabiqə aprelin 25-i saat 11:00-da keçiriləcək:
 
 “Həmin gün qeydiyyatdan keçən şagirdlər müsabiqə üçün təşkil olunmuş mərkəzlərdə yığışıb 2 saat ərzində 3 məsələnin proqram kodunu yazmalıdırlar. Nəzərinizə çatdırırıq ki, hər məktəbdən ən çoxu 2 şagird iştirak edə bilər - biri 7-ci sinifdən, ikincisi isə 5 və ya 6-ci sinifdən. Bir məktəbdən 2-dən artıq şagird qeydiyyatdan keçibsə də, o məktəbdən cəmi 2 nəfər müsabiqədə iştirak edə bilər. Rayonlarda qeydiyyatdan keçən şagirdlər evlərinə yaxın mərkəz seçə bilərlər. Bütün məsələlərin proqram kodları “ALPLogo” proqramının 3.2 versiyasında yazılmalı və icra olunmalıdır.  Bakıda iştirakçılar saat 10:30-da Binəqədi rayonu 283 saylı məktəbdə olmalıdırlar”.
 
 
Qeyd edək ki, “Logo” dili V-VII  sinif şagirdlərində yaradıcı təfəkkür və məsələ həll etmək bacarıqlarının inkişafına böyük kömək göstərir. Seymur Papert, Uolli Feurzeig, Daniel Bobrov və Sintiya Solomon tərəfindən kiçik və orta yaşlı məktəblilərə proqramlaşdırmanın əsaslarını tədris etmək, öyrətmək məqsədi ilə yaradılan “Logo” proqramlaşdırma dilinin tarixi 1967-ci ildən başlayır. Hazırda bu dilin müxtəlif ölkələrdə fərqli versiyaları mövcuddur. Məsələn, 1997-ci ildə LOGO dilinin rus versiyası – “LoqoMirı”, 2012-ci ildə isə Azərbaycan versiyası – “ALPLogo” proqramlaşdırma mühiti yaradılıb. “ALPlogo” proqramlaşdırma mühitinin Azərbaycan versiyası “İnformatika” dərsliyinin həmmüəllifləri – Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva və proqramçı Cəmşid Naxçıvanski tərəfindən yaradılaraq, V-VII  siniflər üçün dərslik komplektinə əlavə edilib. Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində LOGO dilində müxtəlif layihələr üzrə məktəblilər arasında müsabiqə və yarışlar keçirilir. Nəhayət, 2014-cü ilin aprel ayında isə Azərbaycanda ilk dəfə olaraq “ALPLogo” proqramlaşdırma mühiti üzrə məktəblilər arasında müsabiqə keçirilib. “ALPLogo” dili V-VII  sinif şagirdlərində ilkin proqramlaşdırma vərdişlərinin formalaşdırılmasına xidmət edir.
 
 Yuxarı siniflərdə daha mürəkkəb proqramlaşdırma dillərində işləmək üçün baza rolunu oynayır. Proqramın son versiyasında həqiqi ədədlərlə, dəyişənlərlə, altproqramlarla iş imkanları nəzərdə tutulub. Bu proqramda işləmək üçün onu kompüterinizə yazmaq kifayətdir”. “ALPLogo” proqramının ən mühüm xüsusiyyəti ondadır ki, bu proqramda “Bağa” üçün komandalar Azərbaycan, ingilis və rus dillərində yığıla bilər: “Sistem hər üç dili qəbul edir.
 
 
 
Həqiqət İSABALAYEVA




23/04/15    Çap et