Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), ADA Universitetinin İT və Mühəndislik Məktəbi (SITE), Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM) və “WoWoman” təşkilatının dəstəyi ilə Azərbaycan Qadınlarının İKT Klubu - “Femmes Digitales” “Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirib.
Konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılmasının 150 illiyi ərəfəsində Azərbaycanda 23 aprel – İKT-də Qızlar Beynəlxalq Günü çərçivəsində təşkil olunub.
ADA Universitetində baş tutan və Azərbaycanda İKT sektorunda fəaliyyət göstərən 200-dən artıq qız və qadının iştirak etdiyi konfransda dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq diplomatik təşkilatların nümayəndələri, yerli biznes sektorunu təmsil edən və İKT sahəsində çalışan şirkətlərin təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov son illər ölkəmizdə İKT sektorunda həyata keçirilən genişmiqyaslı işlər barədə konfrans iştirakçılarını məlumatlandırıb.
Ölkəmizdə bu sahədə müşahidə olunan nailiyyətlərdən danışan nazir müavini əldə olunan uğurlarda qadınların xüsusi rolu olduğunu qeyd edib. O bildirib ki, digər sahələrdə olduğu kimi, rabitə və yüksək texnologiyalar sahəsində çalışan qadınlar da uğurlu fəaliyyətləri ilə seçilirlər.
“Bu gün dünyada ayrı-ayrı sahələrdə işləyən əhalinin 30 faizini qadınlar təşkil edir, ölkəmizdə isə bu rəqəm 33-34 faiz civarında dəyişir. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2 xanım şöbə müdiri çalışır. Ölkənin poçt sektorunda işləyənlərin 60 faizini qadınlar təşkil edir. Avtomat Telefon Stansiyalarında (ATS) sorğu ilə çalışanların isə 90 faizi qadınlardır”- deyə nazir müavini vurğulayıb.
İ.Məmmədov həmçinin qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də əsas səylər qadınların bütün sektorlarda fəal iştirakını təmin etməyə yönəlib.
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq qadınların sektorda fəaliyyətini təşviq etməyə və onların səmərəli fəaliyyətini stimullaşdırmağa hazırıq”- deyə nazirin birinci müavini qeyd edib.
Konfrans çərçivəsində Azərbaycan qızları və qadınları arasında informasiya-kommunikasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahəyə peşəkar marağın təşviq edilməsi, gənc qızların gələcək karyeralarını məhz İKT sahəsində qurmalarına həvəsləndirilməsi, yerli biznes sektorunda çalışan İKT şirkətləri ilə qadınlar üçün karyera imkanlarının təqdim edilməsi istiqamətində dialoqun aparılması və s. kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbir ərzində keçirilən ayrıca sessiyada iştirakçılar Azərbaycanda nüfuzlu şirkətlərdə rəhbər vəzifələrdə çalışan qadın mütəxəssislərinin uğur hekayələri ilə tanış olub, eləcə də İKT startapları sahəsində müvəffəqiyyətə çatmağın yolları barədə məlumat əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Qadınlarının İKT Klubu - “Femmes Digitales” sıralarında Azərbaycanda İKT sahəsi ilə bu və ya digər dərəcədə əlaqəli olan 60-dan artıq qız və qadını birləşdirən ilk peşəkar təşkilatdır.
Klubun yaradılmasında əsas məqsəd təsisçilərin öz şəxsi nümunələrindən çıxış etməklə və praktiki təlimlər vasitəsilə azərbaycanlı qızların və qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq istəklərini və səylərini artırmaq, gündəlik həyatlarında informasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmağı öyrətmək və texnologiyaların nə qədər azadlıq və yeni imkanlar gətirdiyini, vaxta qənaət etdirdiyini gənc qızlara anlatmaqdan ibarətdir.
Həqiqət İSABALAYEVA
23/04/15 Çap et