Cənubi Koreyada batan gəmiləri robot axtaracaq
Koreya Respublikasında 1392-1910-cu illərdə batan gəmilərin tədqiqi üzrə genişmiqyaslı layihə çərçivəsində ilk dəfə olaraq supermüasir sualtı robotdan istifadə ediləcək. Robotdan ətraflı sualtı foto və videoçəkilişlərin aparılması üçün tətbiqi planlaşdırılır.
Robotdan şərti kod adı “Mado No. 4” olan gəminin öyrənilməsi üçün istifadə olunacaq. Gəmi ötən ilin oktyabrında Sarı dənizdə Mado adasında tapılıb.
Xarici görünüşünə görə dəniz dərinliklərinin buğumayaqlı sakininə oxşayan dördayaqlı və iki tutqaclı sualtı robot “Crabster CR200” adlanır. Robot çəkilişlər edə, dəniz dərinliklərindən tarixi tapıntıları qaldıra, ultrasəsli exolokasiya və hidrolokator qurğusu vasitəsilə dərinlikləri öyrənə bilir. Çəkisi 650 kq təşkil edən aparatın uzunluğu və eni 2,4 m, hündürlüyü 1,3 metrə bərabərdir.
Suyun altında saniyədə 25 santimetr sürətlə hərəkət edən sualtı robot dərinliklərdə və güclü su axını olan yerlərdə işləyə bilir, -
“TASS” yazır.