Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Lobbiçiliyə daha böyük məbləğ xərcləyən İT şirkəti hansıdır?


2015-ci ilin birinci rübündə "Google" internet şirkəti ABŞ Konqresində öz maraqlarının lobbiçiliyinə 5,47 milyon dollar xərcləyib. Bu göstərici ötən ilin müvafiq dövrü (3.82 milyon dollar) ilə müqayisədə 43 faiz  daha yüksəkdir. "Consumer Watchdog" qeyri-kommersiya təşkilatı belə məlumat paylaşıb.

"ICTnews" elektron xəbər xidməti "searchengines.ru" saytına istinadən bildirir ki, təşkilatın hesabatı ABŞ Nümayəndələr Palatasının məlumatlarına əsaslanır. Hesabat məlumatına görə, internet nəhəngi lobbiçiliyə xərclər üzrə reytinqdə 16 texnologiya və telekommunikasiya şirkəti arasında liderdir.

Başqa şirkətlərə gəlincə, 2015-ci ilin birinci rübündə "Amazon" internet riteylerinin lobbiçiliyə xərcləri 130 faiz yüksələrək 1,91 milyon dollara çatıb. Bir il əvvəl bu göstərici 830 min dollar civarında olub. Şirkət pilotsuz uçuş aparatlarından (dronlar) istifadəni tənzimləyən qanunların yumşaldılmasının lobbiçiliyini aktiv maliyyələşdirir.

"Facebook" Vaşinqtonda fəaliyyətini azaldıb. Hesabat dövründə şirkətin lobbiçiliyə xərcləri 2,44 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz aşağıdır. "Microsoft" korporasiyasının lobbiçiliyə xərcləri 9 faiz azalaraq 1,89 milyon dollara bərabər olub.

Emil Hüseynov
 




24/04/15    Çap et