Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Avstriyadadır
Vyanada (Avstriya) Avropa və Mərkəzi Asiya ölkələri üçün Dünya İqtisadi Forumu işə başlayıb.
Forumda «İnnovasiya sərhədlərini genişləndirək» mövzusu ətrafında müzakirələr aparılacaq.
Azərbaycanı tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təmsil edir. Nazir toplantı iştirakçılarını «Trans-Avrasiya Super İnformasiya Magistralı» (TASİM), eləcə də ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən digər layihələr və gələcək planlar haqqında məlumatlandıracaq.
İki gün davam edəcək Forumun işinə 500-dən artıq iştirakçının, o cümlədən dövlət və hökumət başçıları, rəsmi və biznes dairələri, KİV və QHT nümayəndələrinin qatılıb.
Azərbaycan-Avstriya birgə qarışıq hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri olan Əli Abbasov səfər çərçivəsində Komissiyanın Avstriya tərəfindən həmsədri, Avstriyanın iqtisadiyyat, ailə və gənclər üzrə federal nazir müavini xanım Bernadette Qerlinqerlə görüşəcək.
Həmçinin nazirin Avstriyada rabitə və İKT sahəsinə cavabdeh nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxardt ilə ikitərəfli görüşünün, o cümlədən Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) üzvü olan İKT şirkətləri qarşısında Azərbaycanda rabitə və İKT sahəsindəki layihələrin təqdim edilməsi və potensial sərmayəçilərin cəlb edilməsi üçün görüş-təqdimat mərasiminin təşkili nəzərdə tutulub.
08/06/11 Çap et