Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə olan bütün məlumatları çap etmək üçün nə qədər kağız lazımdır?


Sual çətin olsa da, amma cavabı var. Britaniyanın Lesters Universitetinin tələbələri Corc Xarvud və Evanqelin Uoker bunu sübut ediblər.
 
Onların hesablamasına görə, “Wikipedia” onlayn ensiklopediyasının bütün səhifələrinin çap edilməsi üçün 70 milyondan çox vərəq lazımdır. Əgər onlayn ensiklopediya nə vaxtsa kağız variantında çıxarılsa, o zaman bu qalınlıqda olacaq.
 
"ICTnews" elektron xəbər xidməti “telekomza.ru” saytına istinadən bildirir ki, bundan sonra tələbələr “Wikipedia”nın bir səhifəsinin ölçüsünü internetdə mövcud olan veb səhifələrin ümumi sayına (təxminən 4.5 milyard) ekstrapolyasiya ediblər. Onlar, həmçinin internetdə yayılmış müxtəlif variantları və veb səhifə formatlarını nəzərə alıblar. Nəticədə məlum olub ki, bütün internetin çap edilməsi üçün “A4” formatında təxminən 136 milyard səhifə lazım olacaq. Əgər bu qədər səhifəni topa halında yığsaq, o zaman onun hündürlüyü 13 min km-dən yüksək olacaq.
 
Xarvud və Uoker, həmçinin 136 milyard səhifənin çapı üçün 16 milyon ağac lazım olduğunu hesablayıblar. Bu göstərici Nyu-Yorkdakı ağacların ümumi sayından üç dəfə çoxdur.
 
Emil Hüseynov




27/04/15    Çap et