2015-ci ildə istifadəçilər qlobal məkanda 9 tendensiya yaradacaq
“Ericsson ConsumerLab” hər il dünyanın 40 ölkəsində 100 min insan arasında sorğu keçirərək informasiya texnologiyaları və xidmətləri ilə bağlı istehlakçıların davranışını araşdırır.
“Ericsson ConsumerLab” bu dəfə 2015-ci ildə aktual olacaq istifadəçi tendensiyalarını müəyyən edib:
-
Gələcəkdə videonun axın rejimində ötürülməsi adi hala çevriləcək. Mediaməzmuna baxışa yanaşma, demək olar, ölkədən-ölkəyə fərqlənmir. İstifadəçilər çox vaxt sorğuya əsaslanan, istifadəsi sadə və müxtəlif platformalarda işləyən xidmətlərə üstünlük verirlər. 2015-ci ildə insanlar ənənəvi televiziya əvəzinə, daha çox axın xidmətlərini izləyəcəklər.
-
Ev köməkçiləri. İstifadəçilər su və elektrik enerjisi ilə bağlı problemlər haqda xəbərdarlıq edən və məsafədən evdəki vəziyyəti izləməyə imkan verən sensor ötürücülərə maraq göstərirlər.
-
Düşüncənin gücü. Həmişə əlaqədə qalmağa imkan verən yeni ünsiyyət üsulları yaradılır. Smartfon istifadəçilərinin əksəriyyəti fikirləri oxuyaraq məsafədən ünsiyyət saxlamağa imkan verən daşınan qurğuya malik olmaq istəyir.
-
“Ağıllı” şəhər sakinləri. İstifadəçilər ümid edirlər ki, 2020-ci ilədək yol trafikinin sıxlığını izləyən xəritələr, enerjiyə qənaət edən mobil proqramlar və suyun keyfiyyətinin yoxlanılması sistemləri geniş yayılacaq.
-
Birgə istehlak iqtisadiyyatı istehlak və sahiblik modellərini dəyişdirir. Smartfon istifadəçilərinin 50 faizi əşya və qurğuların satın alınmasından imtina edərək kirayə götürməyə bir şərtlə hazırdırlar ki, bu, pula qənaət etməyə imkan verəcək.
-
Rəqəmli cüzdan. Respondentlərin 80 faizi belə düşünür ki, 2020-ci ilədək smartfon cüzdanı tamamilə əvəz edəcək.
-
Fərdi məlumatların qayğısına qalmaq. Smartfon istifadəçiləri öz fərdi məlumatlarını zərurət olduqda təqdim edirlər və üçüncü şəxslərin fərdi informasiyaya girişini maksimal dərəcədə məhdudlaşdırmağa hazırdırlar.
-
Ömür müddətinin uzadılması. Smartfon sahibləri hesab edirlər ki, “bulud” xidmətlərindən istifadə yaşayış keyfiyyətini yaxşılaşdırır və onun müddətini uzadır. Qaçış üçün mobil tətbiqlər, qidanın kaloriliyini qiymətləndirən qab-qacaq və nəbzölçən ömrü uzatmağa imkan verir.
-
Ev robotları. İstifadəçilər ev təsərrüfatında robotlardan istifadəyə üstünlük verirlər. Rəyi soruşulmuşların 64 faizi hesab edir ki, 2020-ci ilədək ev robotları geniş yayılacaq.
Emil Hüseynov