Stiven Hokinq: “Bəşəriyyət Yerdən kənarda sığınacaq tapmalıdır, əks halda məhv olacaq”
Bəşəriyyət kosmosu mənimsəməli və son nəticədə Yerdən kənarda məskunlaşmalıdır, əks halda məhvə məhkumdur. Bu fikri dünya şöhrətli Britaniya nəzəriyyəçi-fiziki Stiven Hokinq Sidney Opera Teatrında translyasiya olunan mühazirə zamanı deyib.
“Biz bəşəriyyətin gələcəyi naminə kosmosun tədqiqini davam etdirməliyik. Mən güman etmirəm ki, biz azömürlü planetimizdən yox olmayıb növbəti min ili yaşaya biləcəyik”, - o bildirib.
Məşhur alim Sidney Operasında auditoriya ilə Kembric Universitetindəki ofisindən holoqrafik texnologiyanın köməyi ilə ünsiyyət qurub. Mühazirənin sonunda alim auditoriyanı daha çox ayaq altına deyil, ulduzlara baxmağa çağırıb.
“Çalışın nə gördüyünüzü başa düşəsiniz və siz Yer kürəsinin mövcudluğuna təəccüblənəcəksiniz. Hər şeylə maraqlanın və həyat nə qədər çətin görünsə də, həmişə nədəsə müvəffəqiyyət qazanmaq olar. Əsas odur ki, ruhdan düşməyəsiniz”, - alim auditoriyaya xitabən qeyd edib.
Britaniya fiziki dəfələrlə elmi ictimaiyyəti süni intellektin dünya üçün törətdiyi təhlükə barədə xəbərdar edib. Cari ilin fevralında S.Hokinq həmçinin insanların öz həyatlarını sığortalaması üçün digər planetləri müstəmləkə altına alması ilə bağlı fikir söyləyib. Alimin fikrincə, bəşəriyyətin saxlanılması üçün başqa yol tapmaq sadəcə mümkün olmayacaq, -
“TASS” yazır.