Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” şirkəti "kvant ekranlı" qabaqcıl “G4” smartfonunu təqdim edib
“LG” şirkəti yeni “G4” smartfonunu rəsmən təqdim edib. Koreya şirkətinin televizorlarına müvafiq rəngverilişi keyfiyyətini təmin edən ekran aparatın əsas özəlliyidir.
“LG G4” smartfonu “Google” şirkətinin “Android 5.0 Lollipop” mobil əməliyyat sistemi ilə işləyir. Aparat altınüvəli “Snapdragon 808” prosessoru və “Adreno 418” qrafik sürətləndiricisi ilə təchiz edilib. Smartfon 3 QB əməli və 32 QB daxili yaddaşa malikdir. Qurğu “microSD” kartından istifadəni dəstəkləyir. Cihazın qalınlığı 9,8 mm, çəkisi 155 qram təşkil edir.
"ICTnews" elektron xəbər xidməti “tjournal.ru” saytına istinadən bildirir ki, “LG” şirkətinin yeni smartfonuna 2560x1440 piksel təsvir ölçülü 5,5 düym diaqonallı "Quantum IPS" displeyi quraşdırılıb. Bu displey “LG G3” smartfonunun ekranı ilə müqayisədə 25 faiz daha parlaq, 50 faiz daha kontrastdır və batareyadan istifadədə 11 faiz daha səmərəlidir.
Cənubi Koreya şirkətinin qabaqcıl smartfonunun əsas kamerası 16 meqapiksel təsvir ölçüsündə fotoşəkillər çəkə bilir. Çəkilmiş fotoşəkilləri peşəkar fotoaparatlarda istifadə olunan “RAW formatında yadda saxlamaq olar. Qurğunun ön hissəsinə quraşdırılmış kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir.
Koreya şirkətinin qabaqcıl smartfonuna quraşdırılmış akkumulyator batareyasının tutumu 3000 milliamper/saatdır.
Aparat ağ, qızıl, qırmızı və mavi rənglərdə əlçatandır.
Şirkət yeni qurğusunun qiymətini elan etməyib.
Emil Hüseynov
29/04/15 Çap et