AMEA-nın 2014-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağında rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun çıxışı
Hörmətli Ramiz müəllim,
Hörmətli Akif müəllim,
Hörmətli tədbir iştirakçıları!
AMEA-nın illik ümumi yığıncağında və öncə bizə paylanmış materiallar əsasında Rəyasət Heyətinin illik hesabatını müzakirə etdik və mən də digər həmkarlarıma qoşularaq hesabatı məqbul hesab edirəm. Bu mötəbər iclasda bu gün ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən "Kosmik tədqiqatların və texnologiyaların Azərbaycan Respublikasının inkişafında rolu və perspektivləri" mövzusunda çıxış etməyim mənim üçün çox böyük məsuliyyətdir.
Azərbaycanda kosmik tədqiqatların yeni tarixi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində "KASPİ" Elmi Mərkəzinin, müstəqillik əldə olunandan sonra isə Milli Aerokosmik Agentliyinin yaradılması ilə başlayıb. Ulu öndərin 1999-cu ildə NATO-nun yubileyi çərçivəsində bir qrup keçmiş sovet respublikalarının rəhbərləri ilə görüşündə kosmik sahədə regional əməkdaşlıq çərçivəsində "Virtual İpək Yolu" adlı yerin süni peykinin hazırlanması təklifi və bu istiqamətdə gördüyü işlər tarixi hadisə kimi xarakterizə olunmalıdır. Müstəqil Azərbaycan üçün kosmik sənayenin yaradılmasına Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2008-ci ildə 4 noyabr "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" imzaladığı 4 noyabr 2008-ci il tarixli sərəncamı rəvac verdi. 2009-cu ildə isə cənab Prezident "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na uyğun sərəncamlar imzaladı və müvafiq qurumlar qarşısında yeni və məsul vəzifələr qoydu.
İndi ölkəmizdə kosmik texnologiyaların inkişafı çoxsektorlu prinsiplər əsasında həyata keçirilir. Müdafiə Sənayesi Nazirliyinin tabeliyində Milli Aerokosmik Agentlik, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərkosmos" ASC, Milli Aviasiya Akademiyası, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası, Geologiya və Geofizika İnstitutu, Təhsil Nazirliyinin bir neçə ali məktəblərində, akademik Arif Paşayevin sədrliyi ilə kosmik məsələlər üzrə Respublika şurası kimi müəssisə və qurumlar tərəfindən həyata keçirilir. Göründüyü kimi, kosmik texnologiyaların inkişafı üçün kifayət qədər insan, maddi-texniki və infrastruktur potensialı formalaşıb.
Hazırda sadaladığımız institut və qurumlar tərəfindən müxtəlif təyinatlı aerokosmik ölçü sistemləri, yerin məsafədən zondlaşdırılması, təbii ehtiyatların kosmosdan öyrənilməsi, aerokosmik məlumatların yığılması, saxlanılması və emal olunması üzrə metodları və sistemlərinin işlənib hazırlanması istiqamətində işlər həyata keçirilir.
Etiraf etməliyik ki, SSRİ parçalanandan sonra kosmik tədqiqatların və praktiki işlərin görülməsində digər sahələrdə olduğu kimi, bu sahədə də durğunluq və geriləmə yaşandı. Lakin son zamanlar ölkəmizin hərtərəfli və o cümlədən sosial-iqtisadi inkişafı nəticəsində elmi tədqiqatların aparılmasında, eləcə də, kosmik tədqiqatların sürətlənməsində də müsbət meyillər hiss olunmaqdadır.
2013-cü ilin fevralın 8-də ilk Azərbaycan telekommunikasiya peykinin "Azerspace-1", 2014-cü ilin dekabr ayının 2-də aşağıorbitli yer səthinin müşahidə peykinin – "AzərSky"ın orbitə çıxarılması ölkəmizin kosmik sənayesinin qurulması və elmi-texniki və tədqiqat işlərinin aparılması üçün yeni imkanlar yaratdı. Beləliklə, Azərbaycan kosmik ölkələr sırasına daxil oldu. Ölkəmiz, həmçinin BMT-nin Kosmik Fəzadan Sülh Məqsədləri ilə İstifadə üzrə Komitəsi - COPUOS-a üzv qəbul olundu
.
Telekommunikasiya peykinin istifadəyə verilməsi praktiki tərəfdən xüsusi və ümumi istifadəli rabitə və informasiya xidmətlərinin verilməsi, eləcə də, informasiya təhlükəsizliyinin təmin edilməsi, radio-televiziya yayımının həyata keçirilməsi, ölkənin fövqəladə telekommunikasiya sisteminin, fəzada alternativ rabitə şəbəkəsinin yaradılması kimi işlərə, bir sözlə, ölkənin iqtisadi inkişafının və ixrac potensialının güclənməsinə rəvac verir.
Qeyd edim ki, "Azərspace-1" peykinin resurslarının təxminən 20%-i ölkə tələbatının ödənilməsinə və 80% isə xarici ölkələrin sifarişlərinə hesablanıb. Hazırda istifadə olunan resursların həcmi təxminən 60-65%-dir. Müşahidə peykinin orbitə çıxarılması və 2015-ci ilin başlanğıcından istifadəyə verilməsi texnoloji tərəfdən ölkəmiz üçün yenilik, iqtisadi cəhətdən isə ixrac potensialının güclənməsinə yeni töhfədir. "Azərsky" yüksək ayırdetmə qabiliyyətinə malik olub yer səthində və havada müşahidə aparmağa hesablanıb. Peyk Fransa ilə hökumətlərarası bağlanmış sazişə əsasən peyklər qrupunda fəaliyyət göstərir və beləliklə, "Azərkosmos" ASC peyklər qrupunun digər imkanlarını, o cümlədən kosmosdan radiolokasiya (aktiv zondlama), infraqırmızı şüalanma və digər vasitələrlə daha geniş və dəqiq informasiya əldə etmək imkanı qazanıb. Peyklərin idarə edilməsi ölkəmizdə qurulan və yerli mütəxəssislər tərəfindən həyata keçirilən Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzlərindən həyata keçirilir. Qeyd edim ki, Yerüstü idarəetmə mərkəzi təkcə Azərbaycan peykləri deyil, region zonasında cəmləşən və digər ölkələrə məxsus olan peyklərin də idarəsində həmçinin informasiyaların toplanmasında iştirak etmək üçün nəzərdə tutulub. Nəzərə alsaq ki, "Azərkosmos" ASC 2017-ci ildə ikinci telekommunikasiya (sayca üçüncü) və 2018-ci ildə çox yüksək ayırdetməyə malik olan ikinci müşahidə peykinin (sayca 4-cü) orbitə çıxarılması planlaşdırılır, onda texniki bazanın nə qədər zəngin olacağını deməyə ehtiyac yoxdur.
Digər təşkilatların, yəni AMEA, MAKA və Milli Aviasiya Akademiyası, Sərhəd Qoşunları, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin də aerokosmik texnoloji imkanlarını nəzərə alsaq, bu gün ölkəmizdə böyük ümid verən aerokosmik inkişaf perspektivlərini görürük.
Lakin yüksəksəviyyəli, keyfiyyətli və rəqabətədavamlı innovativ nəticələr əldə etmək üçün yuxarıda təsvir olunan aerokosmik bazanın imkanlarından istifadə etməklə aparılan elmi-tədqiqatların genişlənməsinə, onların multidisiplinar xüsusiyyətlərini nəzərə almaqla müxtəlif sahə və qurumlardan olan mühəndislərin, alimlərin səylərini cəmləşdirməyə və onların koordinasiya olunmasına ehtiyac yaranıb.
Onu da nəzərə almalıyıq ki, bizim ölkə elmin bütün sahələrinə, o cümlədən kosmik tədqiqatlara böyük həcmdə vəsaitlər ayırmaq iqtidarında deyil və tədqiqatların nəticələrinin ölkə problemlərinin həllinə yönəldilən istiqamətləri bizim üçün prioritet sayıla bilər. Prioritet məsələlərə həmçinin qlobal kosmik elmə yeni nəticələr gətirə bilən və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən tədqiqatlar da daxil edilə bilər. Bu prioritetlər sosial-iqtisadi inkişafın hədəfləri, müxtəlif səviyyələrdə müzakirələr və xüsusən də, ölkə başçısının rəhbərliyi ilə keçirilən geniş müzakirələrdə və müvafiq Dövlət proqramlarında öz əksini tapıb. Praktiki nöqteyi-nəzərdən bu tədqiqatlar kənd təsərrüfatının, ekoloji problemlərin, təbii ehtiyatların öyrənilməsi, qorunması, təhlükəsizlik məsələlərinin, fövqəladə vəziyyətlərin idarə olunmasına, mürəkkəb coğrafi şəraitdə, münaqişə zonalarında və dünyanın digər yerlərində məskunlaşan qurumlarımız üçün rabitə və radio-televiziya xidmətlərinin verilməsinə, milli maraqlarımız çərçivəsində ölkəmizdən kənarda gedən hadisələrin öyrənilməsinə və s. sahələrdə yaranan məsələlərin həllinə yönəlməlidir.
Sadalanan bu praktiki problemlərin həlli artıq bizim üçün bir qrup nəzəri məsələlərin həllini tələb edir. Bu məsələlərin siyahısına aşağıdakıları aid etmək olar:
-
Kosmik müşahidələr əsasında toplanmış məlumatın intellektual analizi və böyük həcmli verilənlərin (BIG, DATA) idarə olunması;
-
Obrazların tanınması, identifikasiyası, məlumatların filtrasiyası, hərəkətlərin izlənməsi və proqnozlaşdırma məsələləri;
-
Müxtəlif təyinatlı rəqəm xəritələrinin, o cümlədən 3D ölçülü xəritələrin hazırlanması və real vaxt rejimində tədqiqi;
-
Xüsusi təyinatlı müxtəlif aerokosmik ölçü sistemlərinin, yerüstü və distansion cihazların işlənib hazırlanması;
-
Kriptoqrafiya, informasiyanın şifrlənmə və deşifrlənmə metodlarının tədqiqi;
-
idarəetmə, optimallaşdırma və qərarların qəbulu məsələləri.
Lakin bu məsələlərin həllində bizim qarşılaşdığımız digər problem alınan elmi nəticələrin tətbiqi və müasir dildə desək, kommersiyalaşdırılmasıdır ki, bu sual bugünkü məruzənin birbaşa müzakirə mövzusu deyil, ancaq tətbiqi elmlərin inkişafı üçün çox vacib amildir. Biz bu məsələni AMEA-nın bir çox səviyyələrdə keçirilmiş toplantılarında müzakirə etmişik, bu məsələ üzərində dayanmaq istəmirəm. Əgər hesabatdan bir rəqəmi xatırlasaq, onda bu sualın nə qədər aktual olduğunu görərik. 2014-cü ildə AMEA-nın Fizika-Riyaziyyat və Texnika elmləri bölməsi üzrə elmi nəticələrin tətbiqi üzrə təsərrüfat müqavilələrilə icra olunan işlərin ümumi həcmi 150 min manatdan azdır.
Burada beynəlxalq elmi-texniki əməkdaşlığı da xüsusi olaraq vurğulamaq istəyirəm. Hal-hazırda kosmik sahədə bir çox beynəlxalq layihələr həyata keçirilir. Məsələn, təkcə Avropa Birliyinin FP-7 çərçivə proqramı çərçivəsində kosmik sahədə tədqiqatlar uçun 1.3 milyard avro maliyyə vəsaiti xərclənib. Hal-hazırda ümumi büdcəsi 80 milyard avro olan yeni "Horizon-2020" (FP-8) proqramının həyata keçirilməsinə başlanıb. Burada da 2020-ci ilə qədər kosmik sahə daxil olmaqla yüksək texnologiyalar üzrə elmi tədqiqatların aparılmasına ~ 18 milyard avro vəsait ayrılıb. Ölkəmizin kosmik potensialının güclənməsi azərbaycanlı alimlərin bu layihələrdə iştirakı üçün geniş imkanlar açır.
Beləliklə, kosmik sahənin inkişafı üzrə yuxarıda təklif olunan elmi tədqiqat məsələlərinin həllini təmin etmək üçün, həmçinin aşağıdakı təşkilati məsələlərin müzakirəsini və təşkilini aktual hesab edirik:
-
Müxtəlif sahə institutlarında bu sahə üzrə elmi tədqiqatların AMEA və Respublika Kosmik Şurası tərəfindən koordinasiyası və əlaqələndirilməsi, gücləndirilməsi, alınan nəticələrin qiymətləndirilməsi və bu işlərin hüquqi əsaslarının işlənib hazırlanması;
-
İnnovativ inkişafı, o cümlədən elmi tutumlu layihələrin həyata keçirilməsini, məhsul və xidmətlərin yaradılması və istehsalını sürətləndirmək məqsədi ilə ölkədə yaradılan xüsusi şəraitlərdən – texnoloji və elmi parklar, maliyyə fondları, intellektual mülkiyyətin qorunması və digər güzəştli vasitələrdən istifadə etməklə, innovativ sahibkarlığın inkişafını təmin etmək və bu istiqamətdə yeni təkliflər hazırlayıb hökumətə təqdim etmək;
-
Mütəmadi olaraq sifarişçilik potensialına malik olan dövlət və hökumət orqanları (nazirliklər, komitələr, agentliklər və s.) və böyük şirkətlərlə birgə müzakirələrin keçirilməsi, onların tələbləri və sifarişləri ilə tanış olmaq və elmi nəticələrin tətbiqini dövlət sifarişi ilə həyata keçirilən layihələrdə təmin etmək;
-
İnnovativ inkişaf üçün çox vacib olan insan resurslarının inkişaf etdirilməsi və bu məqsədlə Təhsil Nazirliyi ilə birgə proqramların, o cümlədən gənclər üçün güzəştli proqramların hazırlanması, eyni zamanda Prezident İ.Əliyevin şəxsi təşəbbüsü və nəzarəti ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən uyğun dövlət proqramları çərçivəsində kadr hazırlığının genişləndirilməsi.
Elmin və texnikanın sürətli və səmərəli inkişafı üçün elm, ali təhsil və iqtisadiyyat bir-biri ilə əlaqədar olmalı və hökumət isə bu birləşməyə himayədar olmalıdır. Bu gün burada müzakirə etdiyimiz kosmik sahə misalında bunu görürük. Ölkəmizin süni peyklərinin orbitə çıxarılması elmə tələbat yaradır, ölkəmiz üçün yeni olan sahələrin inkişafı üçün imkanlar yaradır. Elm isə bu imkanlardan səmərəli istifadə etməklə öz növbəsində kosmik sənayemizin inkişafı uçun böyük töhfələr verə bilər.