Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Liviya Azərbaycanın elektronlaşdırılma sahəsindəki təcrübəsini öyrənmək niyyətindədir


Liviya Azərbaycanda həyata keçirilən layihələrin, eləcə də elektronlaşdırılma istiqamətində qazanılan təcrübənin öyrənilməsinin tərəfdarıdır.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə adıçəkilən ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Məhəmməd Əl-Həd Miftəh Əl-Dairi danışıb.
 
Ölkəmizdə işgüzar səfərdə olan Əl-Dari xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşdə Azərbaycan və Liviya xalqları arasında ənənəvi dostluq əlaqələri və ölkələrimiz arasında siyasi, iqtisadi və enerji kimi sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğu qeyd olunub.
 
E.Məmmədyarov Azərbaycanın Liviyada tezliklə sülh və sabitliyin bərqərar olmasını arzuladığını diqqətə çatdıraraq islam dünyasında həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
 
Məhəmməd Əl-Dairi Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək, III Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib. O, Azərbaycanın təcrübəsinin daha yaxından öyrənilməsinin vacibliyini önə çəkərək, ölkəmizdə həyata keçirilən iqtisadi, sosial, infrastruktur, İKT və digər layihələrin xalqın həyat şəraitinin daha da yaxşılaşmasına xidmət etdiyini bildirib. Azərbaycanın neft tədrisi sahəsində zəngin təcrübəsinin Liviya üçün maraqlı olduğunu söyləyib.
 
Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
 
SEYMUR




30/04/15    Çap et