Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əşyaların interneti” texnologiyası elektrik enerjisinə qənaətə imkan verə bilər


"Google" şirkətinin texniki infrastruktur üzrə baş vitse-prezidenti "əşyaların interneti" texnologiyasının geniş yayılmasının elektrik enerjisinə qənaəti haqda fikirləri ilə "Wired" nəşri ilə bölüşüb.
 
 
"Əşyaların interneti" texnologiyasının adi insanın həyatına təsiri günbəgün artır. İndi yalnız avtomobil və müşahidə kamerası deyil, hətta termostat və çaynik qlobal şəbəkəyə qoşula bilər. Belə qurğular arasında paylaşılan bütün məlumatlar "Google", "Apple" və "Facebook" kimi şirkətlər tərəfindən idarə olunan  böyük məlumat mərkəzlərindən keçməlidir. Belə məlumat mərkəzlərini saxlamaq yalnız böyük pul yatırımı deyil, həm də böyük həcmdə elektrik enerjisi tələb edə bilər.
 
 
Urs Xölsle "Google"un texniki infrastrukturu üzrə baş vitse-prezident işləyir. Onun vəzifəsi ABŞ şirkətinin bütün məlumat mərkəzlərinə nəzarət etməkdir. Xölsle hesab edir ki, işıqlandırma, termostat və başqa elektronikanın intellektual idarə edilməsi onlar tərəfindən sərf edilən elektrik enerjisinin həcminə xeyli təsir göstərə bilər. Kompüterlə idarə olunan avtomobillər, həmçinin enerji sərfiyyatını azaltmağa kömək edə bilər.
 
"Google" şirkəti yalnız enerjiyə qənaətcil termostat və tüstü siqnalizasiyalarının istehsalı ilə məşğul olan "Nest" şirkətinə deyil, həm də evdə "ağıllı"  izləmə kameralarının istehsalçısına sahibdir.
 
Xölsle bildirib ki, ötən beş ildə "Google"un məlumat mərkəzlərinin gücü 3.5 dəfə yüksəlib, halbuki onlara göstərilən xidmətin dəyəri və sərf etdikləri elektrik enerjisinin həcmi əvvəlki səviyyədə qalıb.
Kaliforniya Universitetində işləyən kompüter elmləri professoru Ceyson Mars hesab edir ki, "əşyaların interneti" texnologiyasının istifadəsi nəzəriyyədə müxtəlif qurğulardan istifadənin səmərəliyini yüksəldə bilər, amma bir məsələ qaranlıq qalır: təcrübədə insanlar internetə qoşulmuş əşyalardan ağıllı istifadə edəcəklərmi?
 
"Əşyaların interneti" texnologiyasının elektrik enerjisinin qənaətinə köməyi yalnız belə qurğu sahiblərinin internetə qoşulmuş əşyalarla davranışından asılıdır. Digər məsələlərlə isə "Google" və başqa böyük şirkətlər məşğul olacaq.
 
Əgər bəşəriyyət daima internetə qoşulmuş əşyalardan qənaətlə istifadə etməsə, dünya elektrik enejisi ilə bağlı nəhəng xərclərlə qarşılaşmalı olacaq. Bu, ilk növbədə "Google" və "Facebook" kimi şirkətlərə şamil edilir.
 
Emil Hüseynov
 
 
 
 




30/04/15    Çap et