Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnsanların sağlamlıq durumunu daim nəzarətdə saxlayan smart sensorlar hazırlanmalıdır
Xərçəng xəstəliklərinin müalicəsi üçün maqnit nanozərrəciklərin fabrikasiyası, onlara funksional qrupların tikilməsi, insanların sağlamlıq durumunu daim nəzarətdə saxlayan smart sensorlar hazırlanması görüləcək işlər sırasındadır. Həmçinin Azərbaycan üçün çox mühüm olan qan xəstəliklərinin (talassemiya) sağlamlıq durumunun diaqnostikası üçün ekspress metodların hazırlanması kimi işlər görülməlidir. Bu proseslər biofizikanın ən prioritet istiqamətlərindəndir.
Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında Fizika İnstitutunun Biopolimerlərin və toksinlərin spektroskopiyası laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov bildirib. Onun sözlərinə görə, canlı orqanizm daxilində biofizikanın müxtəlif sahələri mövcuddur.
Zülal biofizikasının əsasını geniş zaman və məkan intervalında baş verən dinamik proseslər təşkil edir. Zülalları tədqiq etməklə bioloji sistemlərin normal və xəstəlik halındakı aktivliyini müəyyənləşdirmək mümkündür. Bu işlər biofizikanın tətbiq sahələrini təyin edir. O.Qasımov vurğulayıb ki, əldə olunan biliklər hədəfli dərman daşınması üçün daha effektiv nanodaşıyıcılar yaratmağa imkan verəcək.
Alim Fizika İnstitutunda İmpuls rejimində, iki tezlikdə işləyən ən müasir Elektron Paramaqnit Rezonansı spektrometrinin olduğunu vurğulayıb.
Bu cihaz vasitəsi ilə zülallara spin nişanlar daxil etməklə onların lokal nöqtələrinin dinamikasını, iki spin nişanı daxil etməklə isə zülalların müxtəlif hissələri arasında daha önəmli məsafələrin paylanmasını təyin etmək mümkündür.
Həqiqət İSABALAYEVA
30/04/15 Çap et