Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bank hesabı açmaq üçün onlayn qaydada şəhadətnamə dublikatı necə alınır?
Azərbaycanda dövlət orqanlarının göstərdiyi xidmətlərin böyük əksəriyyəti elektronlaşdırılıb. Artıq hər bir Azərbaycan vətəndaşı "Elektron hökumət" portalına daxil olaraq ona lazım olan xidmətdən yararlana bilər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı statistik araşdırmalara görə, ölkədə e-xidmətlərdən istifadə edən insanların sayı artmaqdadır.
Bu baxımdan "ICTnews" elektron xəbər xidməti olaraq əhalidə tez-tez yaranan suallarla bağlı bir sıra onlayn əməliyyatlar barəsində məlumat verəcəyik.
Bank hesabı açmaq üçün onlayn qaydada şəhadətnamə dublikatı necə alınır?
Azərbaycan qanunvericiliyinə görə, vergi ödəyicisi bank idarəsində hesab açmaq üçün uçotda olduğu vergi orqanına ərizə ("Bankda hesab açılması məqsədilə şəhadətnamə - dublikatın alınması üçün ərizə") verərək şəhadətnamə - dublikat almalıdır.
Vergilər Nazirliyi məsələ ilə bağlı bildirir ki, bununla yanaşı, bank idarəsində hesab açmaq istəyən vergi ödəyicisinin gücləndirilmiş elektron imzası və ya istifadəçi kodu, parol və şifri olduqda şəhadətnamə - dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı "E-Xidmətlər" bölməsindəki "Bank idarələrində hesabların açılması" elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə etmək mümkündür.
Vergi ödəyicisi öz istifadəçi kodu və şifrindən hansı məqsədlər üçün istifadə edə bilər?
Vergilər Nazirliyi bildirir ki, vətəndaşlar vergi orqanları tərəfindən qapalı zərfdə təqdim edilən istifadəçi kodu parol və şifrdən bir sıra onlayn əməliyyatlarında istifadə edə bilər. Belə ki, istifadəçilər sözügedən vasitələrdən yararlanmaqla İnternet Vergi İdarəsində vergi orqanına müraciətlərin və digər sənədlərin elektron şəkildə göndərilməsini, vergi bəyannamələrinin (hesabatların) elektron sənəd formasında göndərilməsini, digər vergi ödəyicilərinə alınmış mala (işə, xidmətə) görə ƏDV-nin depozit hesabı vasitəsilə ödənişlər (məxaric əməliyyatları) barədə məlumatların hazırlanmasını və digər vergi ödəyicilərinə satılmış mala (işə, xidmətə) görə elektron vergi hesab-fakturasının hazırlanmasını həyata keçirə bilərlər. Əlavə olaraq qeyd edək ki, İnternet Vergi İdarəsində ƏDV-nin depozit hesabı vasitəsilə ödənişlər (məxaric əməliyyatları) barədə hazırlanmış məlumatların və digər vergi ödəyicilərinə satılmış mala (işə, xidmətə) görə hazırlanmış elektron vergi hesab- fakturalarının göndərilməsi yalnız gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.
Əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməlidir
Azərbaycan Respublikasında əmək müqavilələri ilə bağlı məlumatlar toplandığından onların elektron qaydada təqdim olunması qoyulan tələblərdən biridir. Bu baxımdan hətta müəssisənin direktoru ilə əmək müqaviləsi bağlanmalı, əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməli, yerinə yetirdiyi işlərə (xidmətlərə) görə ona əməkhaqqı hesablanmalı və ödənilməli, aparılmış ödənişlərdən müəyyən edilmiş qaydada ödəmə mənbəyində gəlir vergisi tutulmalı və müvafiq bəyannamə vergi orqanına təqdim edilməklə tutulmuş vergi dövlət büdcəsinə ödənilməlidir.
Seymur Qasımbəyli
30/04/15 Çap et