Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IDC”: 2015-ci ilin birinci rübündə smartfon satışı yüksəlib
“IDC” tədqiqat şirkətinin analitikləri 2015-ci ilin birinci rübünün nəticəsinə görə dünya smartfon bazarındakı vəziyyəti qiymətləndirib.
Analitiklərin hesablamalarına əsasən, cari ilin yanvar-martında dünyada 336,5 milyon "ağıllı" mobil aparat satılıb. Bu göstərici 2014-cü ilin birinci rübündə qeydə alınan nəticədən 16,7 faiz yüksəkdir. Ancaq ötən ilin son rübü ilə müqayisədə tədarük həcmi 10,9 faiz azalıb.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, 2015-ci ilin birinci rübünün nəticəsinə görə 82,4 milyon smartfon tədarük etmiş Cənubi Koreyanın “Samsung” şirkəti liderdir.
Bir il ərzində tədarükünü 43.7-dən 61.2 milyonadək artırmış ABŞ-ın “Apple” korporasiyası ikinci pilləni tutub.
“IDC” analitik şirkətinin məlumatına görə, mobil telefonları nəzərə almaqla 2015-ci ilin birinci rübündə ümumilikdə 458,9 milyon telefon satılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azdır.
Emil Hüseynov
01/05/15 Çap et