Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaxın gələcəkdə bütün reklam formatları rəqəmli olacaq
İstehlakçılar axın xidmətləri, mobil tətbiq və sosial şəbəkələrin yayılması nəticəsində indi daha çox mediaməzmun görür və çoxlu sayda cihazlardan istifadə edirlər. Bu, reklam şirkətlərinə reklamı məqsədli auditoriyaya nümayiş etdirmək üçün istehlakçılar haqda məlumatlardan istifadəyə imkan verir.
Belə ki, 2014-cü ildə ABŞ-ın cənub ştatlarında "Desperados" tekila içkisinin ətrini verən pivə satışına hazırlaşan "Heineken USA" iki reklam kampaniyasını sınaqdan keçirib. Bəzi ştatlarda yalnız adi televiziya reklamı, başqa ştatlarda isə yalnız günün müəyyən vaxtında smartfonlarda nümayiş etdirilən reklamdan istifadə olunub. Nəticədə ikinci halda brendin məqsədli auditoriya tərəfindən tanınması 23 faiz təşkil edib. Bu göstərici televiziya reklamı nümayiş etdirilmiş ştatların göstəricisindən çox yüksəkdir. "Heineken USA"-nın marketinq direktoru Nuno Teles bildirib ki, "Y" (təxminən 2000-ci ildə həddi-buluğa çatmışlar) nəslinə aid insanlar cümə günü axşam saat doqquz radələrində televizor izləmirlər, telefon və sosial şəbəkələrini yoxlayırlar".
"ICTnews" elektron xəbər xidməti "vedomosti.ru" saytına istinadən bildirir ki, cari ildə "Heineken USA" reklam büdcəsinin 30 faizini (2014-cü ildə 20 faiz idi) rəqəmli platformalara yatıracaq. Teles iddia edir ki, bu, reklam xərclərinin səmərəliliyini xeyli yüksəltməyə imkan verəcək.
Reklam satışı ilə məşğul olan "The Trade Desk" şirkətinin baş direktoru Ceff Qrini bildirib ki, zamanla daha çox insan rəqəmli qurğular vasitəsilə kontenti izləyəcək: "Nəticədə bütün reklam formatları (çap reklamı, televiziya və ya radio) rəqəmli olacaq". O əlavə edir ki, bu səbəbdən marketinq son dərəcə effektiv olmalıdır.
İstehlakçılar haqda böyük həcmdə informasiyanın meydana çıxması nəticəsində reklamın alışı, satışı və hazırlanması üsulları dəyişib. Yeni texnologiyalar istehlakçıların internet profillərindən məlumatların əldə edilməsinə və təhlilinə imkan verir. "IDC" marketinq qrupunun proqnozuna görə, şirkətlər marketinq xərclərini 2014-cü ildəki 20,2 milyard dollardan 2018-ci ildə 32,4 milyard dollaradək artıracaqlar. Bu halda "Forrester" şirkəti tərəfindən rəyi öyrənilmiş marketoloqların 40 faizi məlumatların təhlilinə xərcləri artırmağı planlaşdırır.
Emil Hüseynov
01/05/15 Çap et