Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi3D qrafik təsvirli yeni filmlər istehsal edib


“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi – “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın – virtual səyahət” 3D  qrafik təsvirli filmlərini istehsal edib.
 
Mərkəz Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanan yeni məhsulların təqdimat mərasimini keçirib. Tədbirdə layihənin koordinatoru, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev bildirib ki, orjinal variantda ingilis dilində, həmçinin Azərbaycan və rus dillərində subtitrlərlə istehsal olunan “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filminin çəkilişində məqsəd Azərbaycanın qədim dövlətlərindən olan  Qafqaz Albaniyası haqqında Ermənistanın elmi dairələrinin və erməni diasporasının dünya ictimaiyyətini aldatmaq yönündə fəaliyyətlərinə qarşı mübarizəyə töhfə vermək, Azərbaycan dövləti olan Qafqaz Albaniyasına məxsus tarixin, maddi-mədəni  irsin, məbəd və kilsələrin, epiqrafik yazıların ermənilər tərəfindən saxtalaşdırılmasına dair elmi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
 
 
Filmin hazırlanmasında Azərbaycan ərazisində olan, Azərbaycanın  işğal olunmuş Qarabağ ərazisində və Ermənistan ərazisində qalan qədim dövlətlərimizdən olan  Qafqaz Albaniyasına məxsus maddi–-mədəni irsimiz - alban məbədlərinə aid orijinal kadrlardan istifadə edilib.
 
Film boyunca Qafqaz Albaniyasının mədəni irsinin varisi olan Azərbaycana yollanan britaniyalı araşdırmaçı  Naycl Hezerinqtonun filmin aparıcısı kimi qədim  albanların  dini məbədlərini, alban yazılarını, maddi-mənəvi  izlərini arayıb–-axtarmaq, araşdırmaq missiyasını öz üzərinə götürüb. Film Amerika Birləşmiş Ştatlarından Jason Vande Brake və  Maggie Walsh  tərəfindən səsləndirilib.
 
Yerli və xarici yaradıcı heyətin iştirakı ilə çəkilən “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” filmi Qafqaz Albaniyası mövzusunda xarici auditoriya üçün nəzərdə tutulan ilk sənədli filmdir.
 
Filmdə yerli və xarici araşdırmaçılar ekspert qismində iştirak ediblər. Filmin quruluşçu rejissoru Həbibə Mirzəyeva, ssenari müəllifləri Davud Müzəffərli, Səbuhi Hüseynov, quruluşçu operatoru Rəşad Nuriyev, elmi məsləhətçiləri tarix elmləri doktoru Kərim Şükürov, tarix elmləri namizədi Natiq Alışovdur. Filmin ideya müəllifi və rəhbəri Nurəddin Mehdiyevdir.
 
 
Azərbaycan və ingilis dillərində hazırlanan “Laçın – virtual səyahət” 3D  qrafik təsvirli film vasitəsilə isə Azərbaycanın Qarabağ bölgəsinin Laçın rayonunun abidələri, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Laçın rayonuna virtual səyahətə çıxır. Film gənc nəslin Qarabağ haqqında vizual məlumatlanmasına töhfə verəcək.
 
 
Təqdimat zamanı mərkəzin Azərbaycan, ingilis, rus dillərində olan rəsmi portalı “www.virtualkarabakh.az” internet səhifəsinin türk və fransız dillərində olan yeni versiyaları da ictimaiyyətə təqdim olunub. Bu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında yeni imkanlar açır.
 
 
Qeyd edək ki, “Virtual Qarabağ”  İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi  ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015–-ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat verməkdir.  
 
Həqiqət İSABALAYEVA




01/05/15    Çap et