Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alman jurnalistlərinə Azərbaycanda dövlət xidmətlərinin elektronlaşdırılması ilə bağlı məlumat verilib
Azərbaycanın Almaniyadakı səfirliyində Berlin Alman Jurnalistlər Birliyinin üzvü olan 20 jurnalistlə görüş keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən görüşdə “Bakı 2015” 1-ci Avropa Oyunları haqqında film nümayiş etdirilib, ölkəmizin Avropa Oyunlarına hazırlaşması, Azərbaycanda ən müasir idman infrastrukturunun yaradılması, ölkəmizin irimiqyaslı beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, bu tip beynəlxalq tədbirlərin ölkəmizin inkişafının göstəricisi olması və onun beynəlxalq aləmdə tanınmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb, jurnalistlərin ölkəmizə dair sualları cavablandırılıb.
Səfir Pərviz Şahbazov Azərbaycan-Almaniya münasibətlərinin tarixi və hazırkı vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıq və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksəksəviyyəli səfərlər barədə tədbir iştirakçılarına məlumat verib.
Azərbaycanın iqtisadi inkişafının həm də onun siyasi və sosial inkişafının əsasında dayandığını vurğulayan P.Şahbazov ölkəmizin son illərdə əldə etdiyi yüksək iqtisadi-sosial göstəriciləri, hökumətin uğurla reallaşdırdığı sosial və infrastruktur layihələri, idarəetmə sahəsində apardığı islahatları, elektron hökumət quruculuğu, xidmətlərin elektronlaşdırılması, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün atılmış addımları, vətəndaşlara göstərilən sosial xidmətlərin müasirləşdirilməsi və şəffaflaşdırılması, “ASAN xidmət” mərkəzlərinin yaradılmasını alman jurnalistlərin diqqətinə çatdırıb.
Berlin Alman Jurnalistlər Birliyinin sədr müavini Klemens Qlade Azərbaycan Səfirliyinə Almaniya mətbuat nümayəndələrinin qəbul edilməsi üçün təşəkkür edib.
Alman jurnalist səfirlikdə keçirilən bu görüşü Azərbaycana dair mətbuat təmsilçilərini maraqlandıran məsələlərə aydınlıq gətirilməsi üçün yaxşı imkan adlandırıb.
Məlumat üçün bildirək ki, Alman Jurnalistlər Birliyi (Deutscher Journalisten-Verband Berlin) Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan və işləyən mətbuat nümayəndələrini özündə birləşdirən ən böyük jurnalist birliyidir.
Təşkilatın 4000-dən artıq üzvü vardır.
SEYMUR
01/05/15 Çap et