Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın illərdə dünyada internetin qiyməti sürətlə yüksələ bilər


Yaxın illərdə rabitə kanallarının ötürücülük qabiliyyəti planetin əhalisinin artan tələbatının öhdəsindən gəlməkdə çətinlik çəkəcək.
 
"ICTnews" elektron xəbər xidməti "dni.ru" saytına istinadən bildirir ki, birbaşa yayım daxil olmaqla, internet televiziyanın inkişafı, həmçinin kompüterlərin gücünün artımı server və kabel şəbəkələrinə yüklənməni kritik həddə çatdırıb. Buna görə artıq səkkiz il sonra əsl kollaps yaşana bilər.
 
Son on ildə mühəndislər fiber-optik kabellərin ötürücülük qabiliyyətini 50 dəfə yüksəltməyə nail olub. 2005-ci ildə internetin maksimal sürəti saniyədə iki meqabitə çatıb. İndi saniyədə 100 meqabit sürət geniş yayılıb. Amma alimlər iddia edir ki, infrastrukturun gücü pik həddinə çatıb: kabellər indikindən böyük həcmdə informasiya ötürə bilməyəcək.
 
Mütəxəssislər hesab edir ki, interneti qlobal kollapsdan xilas etmək üçün onun qiymətini artırmaq lazımdır. Tələbat təklifi dərhal ötür və hər dəqiqə artır, kabellərin ötürücülük qabiliyyətini yüksəltmək cəhdləri isə faydasızdır. Buna görə, bu məsələnin həlli tapılmayanadək internetin qiyməti sürətlə yüksələcək.
 
Emil Hüseynov





04/05/15    Çap et