Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Paytaxtın avtomobil hərəkətini tənzimləmək məqsədi ilə xüsusi proqram təminatı hazırlanıb
Bu gün Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən oyunlar zamanı yol-nəqliyyat planları və planların Bakı şəhərinə göstərəcəyi təsirlərlə bağlı mətbuat konfransı keçirilib.
Əməliyyat Komitəsinin baş ofisində baş tutan tədbirdə BAOƏK-in nümayəndəsi Vüsal Rəcəbli bildirib ki, yarışlar keçirildiyi ərəfədə paytaxt küçələrində tıxacların yaranmaması, avtomobil vasitələrinin maneəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə əhatəli plan hazırlanıb.
O qeyd edib ki, bu plan vasitəsi ilə həm yarış iştirakçılarının, həm də tamaşaçıların idman obyektlərinə gediş-gəlişi asanlaşdırılıb.
Yarışlar üçün müxtəlif tip nəqliyyat vasitələrinin alındığını qeyd edən V.Rəcəbli bildirib ki, xaricdən gətirilən nəqliyyat vasitələrinin bir qismi idmançılara, bir qismi isə tamaşaçılara və şəhərin qonaqlarına xidmət göstərəcək.
BAOƏK-in nümayəndəsi əlavə edib ki, avtomobil axınını təmin etmək üçün yollarda xüsusi zolaqların ayrılması ilə yanaşı, rabitə vasitələrindən də geniş şəkildə istifadə ediləcək. Onun sözlərinə görə, oyunlar zamanı xüsusi formada fəaliyyət göstərən həm taksilər, həm mikro, həm də iri tutumlu avtobuslar üçün xüsusi depolar inşa edilib.
Bundan əlavə, metronun “Koroğlu” stansiyasında əla çıxış tikilib. Bu da metro ilə gələn tamaşaçıların oyun obyektinə rahat şəkildə keçməsini təmin edəcək.
V.Rəcəbli paytaxtda avtomobil hərəkətini tənzimləmək məqsədi ilə xüsusi cədvəlin – proqram təminatının hazırlandığını vurğulayaraq əlavə edib ki, onun vasitəsi ilə yollara onlayn nəzarət etmək və hərtərəfli tam şəkildə tənzimləmək olacaq:
“Alınan nəqliyyat vasitələri, hazırlanan proqramlar, eləcə də qurulan infrastruktur oyunlardan sonra da bu şəhərdə qalacaq və bizim paytaxt sakinlərinin istifadəsinə veriləcək”.
Daha sonra Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat departamentinin rəhbəri Panos Protopsoltis çıxış edərək Bakı prospektlərində oyunlar zamanı istifadə olunacaq avtomobillərin hərəkət trayektoriyası və olimpiya zolaqları barəsində ətraflı məlumat verib. O qeyd edib ki, küçələrdə sarı xətlərlə ayrılmış zolaqlara xüsusi icazəsi olmayan avtomobillərin daxil olması qadağan ediləcək və bu zolaqlara nəzərdə tutulmayan sürücülərin daxil olması onların yol polisi tərəfindən cərimələnməsi ilə yekunlaşacaq.
Hərəkətin maneəsiz tənzimlənməsi üçün həm insan, həm də digər resursların cəlb olunduğunu önə çəkən P.Protopsoltisin sözlərinə görə, oyun obyektlərinə xüsusi ekspress avtobuslar işləyəcək ki, bundan da tamaşaçılar rahatlıqla istifadə edə biləcəklər:
“Həm oyunların açılış, həm də bağlanış günlərində xüsusi gücləndirilmiş iş günlərinə keçiləcək. Çünki açılış və bağlanış tədbirləri bir ölkənin təqdimatı baxımından olduqca vacibdir və bu zaman hər hansı bir problem yaşanılmamalıdır”.
Seymur Qasımbəyli
05/05/15 Çap et