Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Akira Muto: “Yaponiya Azərbaycanla informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir”


“Azərbaycan yüksək texnologiyalar və qeyri-neft sektoru sahələrində Yaponiya ilə əməkdaşlıq etməkdə maraqlıdır”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi, səfir Akira Muto ilə görüşü zamanı söyləyib.
 
 Görüş zamanı E.Məmmədyarov iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu bildirərək, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. O, enerji sektoru ilə bərabər, Azərbaycanın İKT, yüksək texnologiyalar, kənd təsərrüfatı  və qeyri-neft sektoru sahələrində Yaponiya ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
 
 
Əlaqələrin inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən nazir Azərbaycanın rəsmi nümayəndələrinin bu ölkəyə səfərinə diqqət çəkib.
 
Akira Muto Yaponiyanın Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyərək informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye, sərmayələrin yatırımı kimi sahələrdə yapon şirkətlərinin Azərbaycana maraq göstərdiklərini vurğulayıb.
 
 
O, sənayeləşmə və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu nəzərə çatdırıb. 
 
 
Görüş əsnasında “GUAM+Yaponiya” formatında əməkdaşlıq və eləcə də qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
SEYMUR




05/05/15    Çap et