Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ulu öndərin anadan olmasının ildönümünə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
"Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Qaliblərin mükafatlandırılması mərasimində baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov müsabiqənin şagird və tələbələrin ümummilli liderimizlə bağlı fikir və duyğularının qələmə alınmasında, onların yazı qabiliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Nazir ölkəmizin bütün bölgələrini əhatə edən müsabiqənin ümummilli liderimizin fəaliyyətinin müxtəlif sahələrini əhatə etdiyini vurğulayıb:
"Müsabiqə artıq 9-cu ildir ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri, orta ixtisas təhsili məktəblərinin tələbələri arasında təşkil olunur. Ölkəmizin bütün coğrafiyasını əhatə edən müsabiqənin rayon, şəhər mərhələsində 15 mindən artıq şagird iştirak edib".
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov müsabiqənin əhəmiyyətini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin, ideyalarının gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan baş nazirin müavini belə tədbirlərin şagirdlərin dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini söyləyib. Ə.Əhmədov müsabiqə iştirakçılarının sayının ilbəil artmasını müsbət hal kimi dəyərləndirib.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də ulu öndərin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər sırasında ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş inşa-yazı müsabiqəsinin xüsusi yer tutduğunu qeyd edib, eləcə də gələcək iqtisadi inkişafın təmin olunmasında təhsilin də üzərinə müəyyən vəzifələrin düşdüyünü bildirib.
Sonra çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev müsabiqə iştirakçılarını təbrik ediblər.
Respublika mərhələsinin iştirakçıları arasından 16 nəfər I, 19 nəfər II, 22 nəfər III yerə layiq görülüb. IV (həvəsləndirici) yer tutan 35 nəfər diplomla təltif olunub.
I-IV yerlərə layiq görülmüş 92 nəfərin inşa yazısı "Heydər Əliyev məktəblilərin gözü ilə" kitabında dərc edilib. Müsabiqə qaliblərinə diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Həqiqət İSABALAYEVA
05/05/15 Çap et