Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqindən sonra e-xidmətlərdən və e-imzadan istifadə kütləviləşəcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” quruculuğu istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. “Elektron hökumət” portalının operatoru – MHM bu qəbildən olan növbəti seminarı ADA Universitetində təşkil edib.
 
 Seminarda MHM-in əməkdaşları tərəfindən tələbələrə “Elektron hökumət”, “E-hökumət” portalı, elektron imza, “Dövlət Reyestrləri” haqda ətraflı məlumat verilib. MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) müdiri Arif Mayılov XXI əsrdə rəqəmsallaşmanın, elektron xidmətlərin vacibliyindən, eyni zamanda elektron imzanın mahiyyəti və əhəmiyyəti, e-imza sertifikatlarının elektron sənəd mübadiləsində rolundan bəhs edib.
 
E-imzanın həm imza kimi, həm də “Elektron hökumət” portalının autentifikasiya vasitələrindən biri kimi funksiyalarını da diqqətə çatdıran A.Mayılov e-imza infrastrukturunun texniki tərəflərindən söz açıb. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi sahəsində görülən işlərdən də danışan MSXM müdiri yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqindən sonra e-xidmətlərdən və e-imzadan istifadənin kütləviləşəcəyini bildirib.
 
 
MHM-in mütəxəssisi Günay Hüseynova isə ADA Universitetinin tələbələrinə “Elektron hökumət”in infrastrukturu, e-xidmətlər,  e-arayışlar və s. mövzular üzrə geniş məlumat verib.  Tədbirdə “Elektron hökumət”in qurulmasını aktuallaşdıran  amillər, onun hüquqi əsası, “Elektron hökumət” quruculuğunun ictimai mahiyyəti və üstünlükləri açıqlanıb, eyni zamanda bir çox e-xidmətlər əyani şəkildə test edilərək, iştirakçılara izahlı məlumat verilib.
 
 
MHM-in Dövlət Reyestrləri şöbəsinin mütəxəssisi Qadir Seyidov portalın əsas komponentlərindən olan dövlət informasiya reyestrləri və fərdi məlumatların informasiya sistemlərindən danışaraq, bu prosesin əhəmiyyəti, informasiya reyestrləri və fərdi informasiya sistemlərinin elektronlaşmada indiki rolundan, həmçinin, gələcək perspektivlərindən söz açıb. “Elektron hökumət” portalı üzərindən qurumlararası informasiya mübadiləsinin mühüm əhəmiyyətini vurğulayan məruzəçi bu sahədə əməkdaşlıqların davam etdirildiyini vurğulayıb.
 
 
Diskussiya şəklində davam edən tədbirin sonunda fəal iştirakçılar xüsusi hədiyyələrlə mükafatlandırılıb, eyni zamanda seminarın bütün iştirakçılarına portala daxil olmaq üçün kod/parollar paylanılıb, elektron imza sertifikatları hədiyyə edilib.
 
 
Həqiqət İSABALAYEVA




06/05/15    Çap et