Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məhəmməd Məmmədov: “Devizimiz keyfiyyətli rabitə xidməti ilə insanların gündəlik tələbatını yüksək səviyyədə yerinə yetirməkdir”
“2017-ci ilin sonuna kimi mobil və stasionar şəbəkələr üzərində yüksəksürətli, genişzolaqlı optik və simsiz şəbəkələr qurulacaq. Vətəndaşların bu şəbəkəyə çıxışını təmin etmək başlıca vəzifədir”.
Bu fikirləri “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov söyləyib.
Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibə verən baş direktorun sözlərinə görə, “Aztelekom” İB-nin fəaliyyətinin əsas istiqamətini regionların, ümumilikdə ölkənin hərtərəfli inkişafında xidmət edən Dövlət proqramlarından irəli gələn vəzifələrin rabitə sahəsi üzrə icrasının təmin olunması təşkil edir.
Birliyin bu istiqamətdə gördüyü işlər qənaətbəxşdirmi” sualını cavablandıran M.Məmmədov bildirib ki, yeni-yeni hədəflərdən bəhs edildikdə görüləcək işlərin çoxluğu da inkaredilməzdir:
“Bir faktı da nəzərə alaq ki, yeni hədəflərə stimul verən uğurlarımızdır. Digər sahələr kimi, rabitədə də uğurlarımız qənaətbəxşdir ki, yeni məqsədlər müəyyənləşdirilir və onlara çatmaq üçün səylər göstərilir. Dövlət Proqramlarından irəli gələn vəzifələrin başlıcası mobil operatorların fəaliyyətini genişləndirməklə yaxşılaşdırmaq, əhatə dairəsini artırmaqdır. Hazırda ən ucqar dağ kəndlərimizdə belə mobil operatorların yaratdığı imkanlar hesabına danışmaq mümkündür. İndi elə bir rayon, kənd yoxdur ki, orada ötürücu stansiyaların xidmətindən istifadə edilməsin. Bütün bunlar isə ölkə Prezidenti İlham Əliyevin “Aparılan siyasətin önündə vətəndaş amili dayanır” tövsiyəsinin vəd deyil, real işlərə əsaslandığını təsdiqləyir. Təbii ki, bu prioritetlərin reallaşmasında rabitə sahəsində aparıcı kollektivlərdən olan “Aztelekom” İB-nin də xidməti danılmazdır. Devizimiz belədir ki, keyfiyyətli rabitə xidməti ilə insanların gündəlik tələbatını yüksək səviyyədə yerinə yetirək. Azərbaycanın sürətli, dayanıqlı inkişafı hər bir məqsədə nail olmağa əsas yaradır”.
SEYMUR
06/05/15 Çap et