Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda aqrar sahədə İKT-nin tətbiqi genişləndirilir


“Müasir dünyada dövlətlərin ixrac potensialının əsasını informasiya-kommunikasiya texnologiyaları təşkil edir. Hazırda hər bir sahədə olduğu kimi, aqrar sektorda da İKT tətbiqinin genişləndirilməsi həyata keçirilməlidir və bu istiqamətdə işlər getməkdədir”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bildirib. O, “Azərbaycanda aqrar sektorun yeni infrastrukturu: aqroparklar, onların yaradılmasının zəruriliyi və innovasiyalı inkişafda rolu” mövzusunda keçirilən respublika elmi-praktik konfransında çıxış edərkən sözügedən sahədə tətbiq olunun İKT-nin əhəmiyyətindən danışıb. Rektor əlavə edib ki, aqrar sektorun da ixrac potensialının artırılmasında, ərzaq təhlükəsizliyinin təmin olunmasında, kənd təsərrüfatı məhsullarının milli brendlərinin yaradılmasında, sahənin innovasiyalı inkişafında, habelə aqrar elmin, təhsilin və istehsalın inteqrasiyasında aqroparklar mühüm rol oynayır:
 
“Bu nöqteyi-nəzərdən konfransın məqsədi qeyd olunan istiqamət üzrə respublikanın aparıcı ali aqrar təhsil və elmi-tədqiqat müəssisələrində çalışan aparıcı alimləri, tədqiqatçıları bir araya gətirməkdən, səmərəli təkliflər hazırlamaqdan ibarət olub”.
 
 
Konfransda iştirak edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ölkədə aqrar sahəyə dövlət dəstəyinin prioritet istiqamətləri, elektron kənd təsərrüfatı, dövlət xidmətlərinin elektronlaşdırılması, o cümlədən aqroparkların yaradılması ilə əlaqədar həyata keçirilən layihələr, kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət qayğısının nəticələri, habelə aqrar elmin, təhsilin və istehsalın inteqrasiyası məsələlərindən danışıb.
 
 
Konfransda respublikanın aparıcı alim və tədqiqatçılarının, habelə aqrar sahədə fəaliyyət göstərən innovasiyalı şirkət və müəssisələrin rəhbərlərinin  aqroparkların iqtisadi və sosial əhəmiyyəti, aqrar sektorda milli brendlərin yaradılmasında aqroparkların rolu, aqroparklar və aqrar-sənaye inteqrasiyası, regionların sosial-iqtisadi inkişafı və aqroparklar, aqrar elm, təhsil və istehsalın inteqrasiyası, ADAU və Şəmkir Aqroparkı arasında  perspektiv layihələr, birgə kadr hazırlığı və elmi-tədqiqat işləri, şəhərətrafı aqrar-ərzaq kompleksinin inkişafının aktual problemlərinə dair məruzələr dinlənilib.
 
 
 
SEYMUR




07/05/15    Çap et