Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

VIII İnformatika Layihə Olimpiadasının final mərhələsi keçiriləcək


Mayın 8-də VIII İnformatika Layihə Olimpiadasının (İLO) final mərhələsi keçiriləcək. Olimpiada Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutları, Qafqaz Universiteti və “İstək” liseyinin təşkilatı dəstəyi ilə baş tutacaq.
 
 Təşkilat Komitəsindən (TK) qeyd edilib ki, qeydiyyatdan keçmiş istifadəçilərin sayı 181 olub. Qeydiyyatdan keçmiş layihələrə gəlincə, “Qısa film” kateqoriyasındakı layihələrin 18-dən 9–-u, “Veb səhifəsi” kateqoriyasındakı layihələrdən 13-dən 7 -si, “Proqramçılıq” kateqoriyasındakı layihələrdən 9-undan 4-ü, “Animasiya” kateqoriyasındakı layihələrdən 16-sından 7-si, “Robot və elektronika” kateqoriyasındak layihələrdən 14-ündən 13-ü finala vəsiqə qazanıb.
 
 
TK-dən bildirilib ki, bu ildən ilk dəfə olaraq təşkilat komitəsi Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran, Ağdaş, Şirvan və Quba şəhərlərində olimpiada mərkəzlərini təşkil edərək bu mərkəzlərdə müəllimlər üçün “layihə olimpiadası komandalarını hazırlama metodikası” təlimlərinin təşkil edilməsini planlaşdırır.
 
 Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas prioritet məsələlərindən biri olan təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi məsələsində bu cür layihə olimpiadalarının keçirilməsinin çox böyük əhəmiyyəti var.
 
 
Qeyd edək ki, 2007-ci ildən başlayaraq təşkil olunan məktəblilər arasında İnformatika Layihə Olimpiadasının (İLO, www.ilo.az) 7-cisi keçən il Qafqaz Universitetinin də təşkilati dəstəyi ilə respublikanın bir çox bölgələrindən göndərilən layihələrlə uğurla keçirilib və ictimaiyyətin də böyük marağına səbəb olub. İnternet vasitəsi ilə İLO  layihə olimpiadasının 1-ci seçmə mərhələsinə 220 layihə daxil olub, onlardan 65 layihə münsiflər heyəti tərəfindən final mərhələsinə layiq görülüb.
 
Bu olimpiadaya Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu və İKT sahəsində fəaliyyət göstərən bir sıra şirkətlər maraq göstərib, təşkilat komitəsində iştirak etmək və olimpiadanın genişləndirilməsi ilə bağlı bir çox təkliflər veriblər.
 
 
Həqiqət İSABALAYEVA




08/05/15    Çap et